Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının II dövrəsinin oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, VI tur çərçivəsində “Abşeron” klubu “Murov”la , UNEC isə “Azərreyl”lə üz-üzə gəlib.
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında “Abşeron” “Murov”la qarşılaşıb. Famil Ağayevin komandası turu qalib başa vurub. “Abşeron” ilk 2 hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, 3-cü hissədə 25:17 hesabı ilə sevinən tərəf “Murov” olub. Bununla belə, 4-cü set matçda sonuncu olub. 3-cü hissədəki məğlubiyyətdən nəticə çıxaran “Abşeron” 4-cü seti hesabına yazdırıb – 25:21.
II dövrənin son matçı UNEC və “Azərreyl” komandaları arasında keçirilib. Bu matçın qalibi isə 3 setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Azərreyl” 1-ci setdə 25:13 hesabı ilə qalib gəlib. Eldar Yusubovun komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Azərreyl” 2-ci hissəni 25:10, 3-cü hissəni isə 25:7 hesabı ilə qalib başa vurub.
Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14, “Abşeron”un 12, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
VI tur
“Abşeron” – “Murov” 3:1 (25:22, 25:19, 17:25, 25:21)
UNEC – “Azərreyl” 0:3 (13:25, 10:25, 7:25)