“Biz hər oyunda qalib gələcəyimizə inanırıq”.
Bunu apasport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Belajdi Pusi deyib.
25 yaşlı albaniyalı hücumçu Misli Premyer Liqasının XXXIV turunun “Qəbələ” ilə matçı barədə fikirlərini açıqlayıb. Pusi səfər matçında qələbəyə inandıqlarını vurğulayıb: “Qəbələ” ilə görüşdə də qalibiyyətə çox inanırdıq. Biz sübut etdik ki, istənilən rəqiblə yaxşı oynayıb, qalib gələ bilərik. 90 dəqiqə ərzində “Qəbələ”yə qarşı çox yaxşı oynadıq. Hər bir futbolçu əsl xarakter nümayiş etdirdi”.
Legioner 6-cı pillədə qərarlaşan “Turan Tovuz”un turnir cədvəlindəki mövqeyini də dəyərləndirib: “Hazırkı mövqeyimiz yaxşıdır. Amma biz daha da yaxşısını edə bilərdik. Hər halda, etdiyimizdən də razıyıq. Bəli, evdə “Neftçi”yə qalib gəldik, amma bu, revanş deyildi. Digər matçlarda olduğu kimi oynadıq və qazandıq. Buna görə çox sevinirəm. Bizə yalnız üç xal lazım idi”.
Pusi komandasının son görüşlərdə yuxarı pillələrdə qərarlaşan komandaları məğlub etməyə də şərh verib: “Komanda yaxşı formadadır. Motivasiyamız da yüksəkdir. Yüksək səviyyəli komandamız var. Komandamıza, baş məşqçimizə və rəhbərliyə təşəkkür edirəm. Onlar mənə beş ayda güvən verdilər. Qarşıdakı mövsümlə bağlı rəhbərliklə danışacağıq”.
Qeyd edək ki, “Turan Tovuz” “Qəbələ” ilə səfər matçında 2:1 hesablı qələbə qazanıb.