Ötən həftə region liqasında növbəti tura start verilsə də, əksər oyunlar hava şəraitinə görə təxirə salındı.
Apasport.az xəbər verir ki, bütün maneələrə baxmayaraq, Şimal-Qərb və Qərb zonasında 4 qarşılaşmadan 3-ü baş tutdu.
Onlardan biri də "Bərdə" - "Balakən" oyunu idi. Bu qarşıdurma bol qolluğu ilə diqqət çəkdi. Nəticədə meydan sahibləri 6:2 hesabıyla qələbə qazandı.
Xatırladaq ki, bərdəlilər 2-ci turdan sonra xal üzünə həsrət idi. Matçla bağlı "Bərdə"nin baş məşqçisi Əli Quliyev saytımıza açıqlamasında bunları dedi:
"Mövsümə qələbəylə başlasaq da, 2-ci turdan sonra ardıcıl məğlubiyyətlərlə üzləşdik. Bunun da bir neçə səbəbi var. Əsas heyət oyunçularımın çoxu xəstədi, 4 futbolçumuz isə zədə səbəbindən kənarda qalıb. Buna rəğmən, bu qarşılaşmaya ciddi hazırlaşmışdıq.
Böyük hesablı qələbə qazansaq da, rəqib ilk dəqiqlərdən bizə yaxşı müqavimət göstərdi. Amma meydanda xarakter göstərməyimiz sayəsində, doğma meydan amilinin köməkliyi ilə, həmçinin əvəzetmələrimizin qatdığı enerjiylə irəli atılıb, qollar vurduq və qələbə qazandıq. Onu da xüsusi deyim ki, 5 əvəzetmənin olması bizə çox kömək edir. Bununla həm əlimin altında olan bütün oyunçulara şans verirəm, həm də fiziki, taktiki baxımdan çatdıra bilməyən oyunçuları vaxtında dəyişdirə bilirəm.
"Balakən" üzərində qələbədən sonra 2-ci pilləyə yüksəlmişik. Düşünürəm ki, bu bizim üçün qarşıdakı turlara daha yaxşı çıxış etmək üçün motivasiya olacaq".
Abdulla İsmayıloğlu