Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ
02.08.2023 - 10:59
Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ

“Neftçi”nin keçmiş futbolçusu və məşqçisi Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- “Neftçi”nin Konfrans Liqasında Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə səfərdəki ilk rəsmi oyununu (2:2) necə qiymətləndirirsiniz?
- Məncə, "Neftçi" üçün qənaətbəxş nəticədir. Yaxşı ki, son dəqiqələrdə bərabərlik qolunu vura bildilər. Bu hesab "Neftçi"ni tam qane edir. 

- Belə davam etsə, “Neftçi” 3-cü təsnifat mərhələyə çıxacaq?
- Bəli, 2:2 hesabı "Neftçi"nin üçüncü mərhələyə adlaması üçün kifayət qədər yaxşı nəticədir. "Ağ-qaralar" öz azarkeşləri qarşısında qələbə qazanaraq növbəti mərhələyə adlayacaq. Çünki "Neftçi" "Jelezniçar"dan futbolçu keyfiyyəti baxımından da üstün görünürdülər. Səfərdə oynasalar da, bunu görmək olurdu. 

- Yeni baş məşqçi Adrian Mutunun işini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, işi görünürdü?
- Komandaya yeni baş məşqçi gəlib, ona da uğurlar arzulayıram. İlk oyunla nəsə bir şey demək olmaz. Mutu "Jelezniçar"la matçda qeyri-adi nəsə etdi demək də doğru olmaz. İşinə hələlik qiymət vermək olmaz, bir neçə oyununa baxmaq lazımdır. Təki "Neftçi" üçün xeyirli-uğurlu olsun. Bizim hamımız da istədiyi odur ki, Azərbaycan klublarına gələn əcnəbi məşqçilər, futbolçular xeyir versinlər, kömək etsinlər. Mutuya uğurlar, amma elə bir işi görünmədi. "Neftçi" qeyri-adi oyun nümayiş etdirmədi. Bəli, nəticə qənaətbəxş oldu. 

- "Neftçi"nin yeni transferlərini bəyəndiniz? Daha çox kimi xüsusi qiymətləndirərdin, yoxsa yenilərə qiymət vermək çox tezdir?
- Yeni transferlər daha çox müdafiə xəttində idi. Filip Ozobiçi "Qarabağ"dan də tanıyırıq. Amma "Jelezniçar"la matçda öz mövqeyində çıxış etmədi. "Neftçi"nin Sarayevodakı birinci qolunda böyük pay sahibi idi. Amma ümumi götürəndə, bir neçə il əvvəl "Qəbələ" və ya "Qarabağ"dakı kimi oyununu nümayiş etdirmədi. Sadəcə qol epizodunda yadda qaldı. Yeni gələn hər bir futbolçuya uğurlar arzulayıram. Digər transferlər müdafiə xəttində idi. İki mərkəz müdafiəçisi, bir də sonradan meydana daxil olan Ervin Koffi. Müdafiəçilərə elə də çox yük düşmədi. Çünki "Jelezniçar"ın elə də kəskin hücumları olmadı deyə, müdafiəçilərin işi də çox deyildi. Müdafiənin işi çox olmadıqda, onların nəyə qadir olduqları tam aydın olmur. Ona görə də, gələcək oyunlarına baxıb, legionerlərin nə dərəcədə faydalı olduğunu qeyd edə bilərik.

- "Neftçi" gələcəyə ümid verir? Komanda bu oyunla, heyətlə "Beşiktaş" önünə də çıxa bilər?
- Bunu demək hələ tezdir. Çünki keçən mövsümə baxanda, istək daha çox idi. Ancaq qeyri-adi, nəsə kombinasiyalı oyun "Neftçi"nin ifasında görmədik. "Jelezniçar" qapanmışdı, "Neftçi" də bu müdafiəni yarmaqda, əsasən da hücumda çıxış edən futbolçular çətinlik çəkirdilər. Sırf hücumçunun olmaması da buna təsir edir. Məcburiyyətdən həmin mövqedə Filip Ozobiç oynadı. "Neftçi"də hələ ki, böyük irəliləyiş görünmür. "Neftçi" ötən mövsüm qol buraxan kimi ruhdan düşürdü. Amma bəlkə də, Adrian Mutu yeni baş məşqçidir deyə, futbolçular daha istəkli idilər. Ancaq bu oyunla "Beşiktaş" qarşısına çıxmaq məncə, çox çətin olacaq.

- Laurentsiu Regekampfın baş məşqçi olduğu dövrlə hazırkı "Neftçi"ni fərqləndirə bilərsiz? 
- Mutunun işinə indidən qiymət vermək tezdir. Bir rəsmi oyuna çıxıb, digər matçlar yoldaşlıq görüşü idi. Ona görə Regekampfla müqayisə etməzdim. Ümid edirəm ki, ondan qat-qat, daha yaxşı işlər görəcək. Çünki Regekampfın "Neftçi"dəki işi sıfıra bərabər idi.

writer photo
Əlirza Əlirzalı
0