Azərbaycanlı futbol veteranı Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının hesabat turunda "Sabah"ın Gəncədə xal itirərək "Qarabağ" dan bir az aralı düşməsini nə ilə əlaqələndirirsiniz? Komanda son oyunlarda qalib gələ bilmirlər...
- Bəli, “Sabah” son turlarda xallar itirir. “Kəpəz”lə matçda da çox yaxşı çıxış etmədi. Ondan öncə kubok matçında "Səbail"ə uduzdu, daha əvvəl "Şamaxı" ilə görüşdə də xal itirdi. Bu iki görüşdə də qırmızı vərəqə ilə cəzalanması oyunlarına təsir etdi. Amma "Şamaxı"ya qarşı yaxşı oynadılar, sadəcə təsadüfi qol buraxaraq qələbəni əldən verdilər. Belə şeylər olur. Əsasən son oyunda çox da yaxşı çıxış etmədilər.
- Mövsümün yarısı başa çatır. Bu yay liqamıza gələn hansı legioner diqqətinizi daha çox çəkdi və ilin tapıntısı olaraq kimin adını çəkə bilərsiz?
- Hansısa legioner futbolçunun parlaq oyununun şahidi olmadım. Orta və aşağı səviyyəli çıxışlar var. Amma parlaq sima gözümə dəymədi. Ümid edirəm ki, qışda ediləcək transferlər komandalarına faydalı olarlar və biz də onları izləyərkən xoş təsir bağışlayarlar, zövq alarıq. Ancaq dediyim kimi çox fərqlənən, qeyri-adi transfer gözə dəymədi.
- "Qarabağ"ın bu mövsüm də çempion olacağına yəqin ki, şübhəniz olmaz? Sizcə, onlara hansı komanda və necə mane ola bilər?
- "Qarabağ" çempionatda rəqib tanımır. Belə də davam edəcək. Düzdür, hardasa "Sabah" yaxınlaşırdı. Amma nə oyun, nə də, heyət etibarilə bugünkü gündə "Qarabağ"a çempionluq mübarizəsində rəqib deyil. Məncə, bu il yenə "Qarabağ" növbəti çempionluğunu qazanacaq. Ona çətinlik yaradacaq komanda görmürəm.
- "Neftçi"nin durumların yaxşı olmadığı görünür. Bunu nə ilə əlaqələndirərdiz?
- "Neftçi" barədə çox danışılır. Təəssüflər olsun ki, "Qarabağ"la daban-dabana mübarizə apara bilmir. Uğursuz çıxışına səbəb nədir? Burada edilən transferlər və məşqçi məsələsi var. Laurensiu Regekampf "Neftçi"ni çempionluğa daşıyacaq gücdə məşqçi deyil. Sadaladığım iki faktoru səbəb kimi görürəm. Ümidvaram ki, bundan sonrakı illərdə "Neftçi" transferlərdə daha düzgün seçim edər. İstədiyimiz odur ki, "Qarabağ"a layiqli rəqib olsun və çempionluq uğrunda bundan sonrakı illərdə başabaş mübarizə aparsın. Amma bu il "Qarabağ"a çempionluq mübarizəsində rəqib olması gözlənilmir. Nəinki çempionluq mübarizəsində, ikinci yer uğrunda da "Sabah"dan geri qalır.
- "Neftçi"nin çempionluq mübarizəsinə yenidən qoşulacağına inanmırsınız?
- “Ağ-qaralar” bu il çempionluq uğrunda mübarizə aparmaq gücündə deyil. Ümid edək ki, növbəti mövsümlərdə bunu edə biləcək gücdə komanda yaracaqlar.
- Ölkə kubokunda "Neftçi" "Zirə"yə ilk matçda 0:1 uduzub. Sizcə, onların geridönüş etməyə gücü çatacaq?
- "Neftçi"nin əsas məqsədi kuboka yönəlməlidir. Çünki çempionluq uzaq görünür. İlk oyunda "Zirə"yə 0:1 hesabı ilə uduzublar. Amma geridönüş edə bilərlər. "Zirə" keçilməz rəqib deyil. Hər halda, evdə "Neftçi" qələbə qazanaraq kompensasiya edə bilər. Çox çətin iş də deyil. Məncə, "Neftçi" qələbə qazanmaqla, kubokda finala doğru irəliləməyə borcludur. Çünki bu komandanın gücü, əzəməti, tarixi, fanatları var. Heç olmasa azarkeşlərini, "Neftçi"sevərləri kubokda finala çıxmaqla sevindirməlidirlər və bunu etməyə borcludurlar. Hazırda yarımfinal uğrunda mübarizə gedir. 0:1 məğlubiyyəti heç nə demək deyil. Hər iki komandanın növbəti mərhələyə adlamaq üçün şansı var.
- Liqamıza illər sora qayıdan “Kəpəz” və “Turan Tovuz” haqda fikriniz necədir? Sizcə, daha yaxşı ola bilərdilər, yoxsa durumlarını qənaətbəxş hesab etmək olar?
- Sevindirici haldır ki, bu mövsümdən bölgələrdə də oyunları izləyirik. Arzu edərdim ki, digər bölgələrimizə də futbol qayıtsın. Xüsusilə də, Lənkərana, Zaqatalaya. Çox istəyərdim ki, bu iki şəhərdə də futbolsevərlər komandalarını Premyer Liqada görsün. Torpaqlarımız geri qaytarılıb. Qarabağ bölgəsində də komandaların yaradılmasını arzulayardım. Ora da futbolumuz qayıtmalıdır. "Turan Tovuz" bir az daha diri görünür. Asanlıqla təslim olmurlar. Əsasən də, ev matçlarında. Möhtəşəm azarkeşləri ilə birlikdə hər bir rəqibə başağrısı olurlar. "Turan Tovuz"un çıxışını qənaətbəxş hesab etmək olar. Gəncəyə də futbol qayıdıb. Ümid edirəm ki, gələcəkdə bölgə komandalarımız daha da güclənər və son pillələr uğrunda yox, ön sıralar üçün mübarizə aparacaq.