Bəxtiyar Musayev: "Sumqayıt"ın işi çətindir" - Müsahibə
29.07.2024 - 16:16
Bəxtiyar Musayev: "Sumqayıt"ın işi çətindir" - Müsahibə

Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib.

- "Zirə" "Şerif"lə matçdan sonra "DAK 1904" qarşısında hansı nəticəni göstərəcəyi maraqlı idi. "Zirə"nin bu matçda 4:0 qalib gəlməsini necə şərh edərdiniz? Bu cür nəticəni gözləyirdiniz?
- Bütün klublarımıza uğurlar arzulayıram. Cavab matçlarına çıxacaqlar. Ümid edirəm ki, 4 klubumuz da növbəti mərhələyə adlayar. "Sumqayıt"ın işi digər klublarımıza nisbətən bir az çətindir. Suala gəldikdə, bəli, "Zirə" çox inamlı qələbə qazandı. İnamlı qələbəsi ilə bizi də çox sevindirdi. Düzü, bu cür hesabın olacağını heç gözləmirdim. "Zirə" ilk dəqiqədən sonra qədər layiqli mübarizə apardı. Sonda da layiqli qələbə qazandı. Onlar demək olar ki, "DAK 1904" klubuna şans da vermədi.  

-  Sizcə, "DAK Dunayska" "Şerif"dən çox zəif idi? 
- "Şerif"lə cavab matçında da "Zirə" inamlı başlamışdı, hesabda da önə keçmişdi. Sadəcə qırmızı vərəqə qalib gəlmələrinə mane oldu. Qırmızı vərəqə olmasaydı, "Zirə" növbəti mərhələyə adlayacaqdı. "DAK 1904"ün "Şerif"dən çox zəif olduğunu düşünmürəm. Sadəcə "Zirə" Slovakiya klubuna qarşı ilk dəqiqədən sona qədər layiqli mübarizə apardı, rəqibə şans vermədi, öz şanslarından da yaxşı yararlandılar deyə hesab bu cür alındı.

- Rəşad Sadıqov matçdan sonra bildirib ki, 4:0 qalib gəlsək də, hələ heç nə bəlli deyil. Sizcə bundan sonra "DAK 1904"ün mərhələ keçmək şansı ola bilərki? "Zirə"nin mərhələni keçmə bilməmək ehtimalı var?
- Bəli, Rəşad Sadıqov hələ erkən olduğunu söylədi. Çünki qarşıda cavab görüşü var. Şanslar təbii ki, "Zirə"nin tərəfindədir. Üstün tərəf təmsilçimizdir. 4:0 inamlı qələbədir. Amma futbolda da bəzən sensasiyalar görmüşük ki, böyükhesablı qələbədən sonra uduzan komanda cavab görüşündə də böyük hesabla qalib gəlir. Arzu edirəm ki, belə hadisə "Zirə"nin başına gəlməz və növbəti mərhələyə çıxan komanda təmsilçimiz olar. Rəşad Sadıqovu da anlayıram. Çünki səfər görüşü var və səfərdə oynamaq komandalarımız üçün heç də asan deyil. Ondan irəli gələrək bir az ehtiyatlı danışır. Amma təbii ki, şans "Zirə" tərəfdədir. Bu komandaya da uğurlar arzulayıram. İnanıram ki, mərhələni komandamız keçəcək.  

- "Zirə"nin yeni transferlərini necə dəyərləndirirsiz? Volkov-Junior-Utziq, üstəlik Ange Mutsinzi? Onlardan savayı "Zirə"nin yenə də ehtiyac varı yeni oyunçulara?
-  Çoxu tanıdıqlarımızdır, komandaya da fayda verirlər. Ange Mutsinzi də normal təsir bağışlayır. Hər komanda daha da güclənmək istəyir. 2-3 yaxşı transferlə "Zirə"nin güclənməsinə gətirib çıxara bilər. Komanda kimi, mobil çıxış etmələri üçün daha da yaxşı olardı. 2-3 transfer də etsələr, "Zirə" daha da mobil, daha güclü görünə bilər. Yeni transferlər isə normal çıxış edirlər. Ümid edirəm və arzulayıram ki, daha da yaxşı çıxış etsinlər və bizi sevindirsinlər.

- Ümumiyyətlə, "Zirə"nin Konfrans Liqasında qruplara qalması nə dərəcədə inandırıcıdır? Bu mərhələni keçsələr, böyük ehtimalla üçüncü mərhələdə "Osiyek"lə qarşılaşacaqlar...
- Allah qoysa, Slovakiyada da qələbə hesabını qoruyub-saxlaya bilsə, böyük ehtimalla "Osiyek"ə rəqib olacaq. Onlar da Xorvatiyanın köklü klublarından biridir. Düzdür, oyunlarını görməmişəm, nəyə qadir olduqlarını tam deyə bilmərəm. "Zirə"yə uğurlar arzulayıram. Ümid edirəm ki, Konfrans Liqasında qruplara da qatılar. Amma bu heç də asan olmaz. Çox çətin görünür. Ümidvaram ki, bunun öhdəsindən gələrlər və biz də baxıb sevinərik. 

- "Sabah"ın Macarıstanda "Makkabi"ni 3:0 məğlub etməsi sizin özünüz üçün nə dərəcədə sürpriz oldu? Sizcə, necə oldu ki, "Sabah" oyunun və cütün əsas favoriti olan "Makkabi"ni bu cür zərərsizləşdirə bildi?
- Bəli, sevindirici haldır ki, daha bir komandamız - "Sabah" qalib gəldi. Neytral meydanda oynasa da, qalib gəldi. "Makkabi" üzərində 3:0 kimi çox inamlı qələbə qazandılar. Təbrik edirəm və ikinci oyunda uğurlar arzulayıram. Ümidvaram ki, mərhələni adlayan "Sabah" olar. Kifayət qədər şansları var. Çox yaxşı çıxış etdilər. Həm oyun, həm də nəticə baxımından belədir. İlk yarıda "Makkabi"nin təzyiqi olurdu. Kifayət qədər təhlükəli vəziyyətlər yaradırdılar. Lakin fasilədən sonra "Sabah" mobil çıxış etdi, fürsətlərdən də yararlandılar. Bu hesab mənim üçün gözlənilməz oldu. Ümidvaram ki, evdəki oyunda da davamını gətirərək turu keçərlər. 

 - "Sabah"ın Bakıda şansı əldən verməcəyinə inanırsınız? Sizcə, "Sabah" Bakıda daha çox müdafiə olunub hesabı saxlamaq üçün oynamalıdır ki, üçüncü mərhələyə adlaya bilsin? "Sabah"ın heyətindəki yeniləri necə dəyərləndirisiz?
- Səfərdə inamlı qələbə qazanıblar, Allah qoysa davamı gələr. İnanmıram ki, bu üstünlüyü əldən versinlər. Hesab yaxşıdır. "Makkabi" ilk oyunda "Sabah" üzərində açıq-aşkar üstünlük qazanmadı ki, deyək, "Sabah" təsadüfən qələbə qazandı. "Sabah" elə layiqli qalibiyyət əldə etdi. Ona görə də inanıram ki, növbəti mərhələyə keçən komanda təmsilçimiz olacaq. Necə oynayacaqlar, oyunu müdafiədədən quracaqlar, ya hücum futbolu oynayacaqlar, onu baş məşqçi bilər. Hər halda, bu, baş məşqçinin işidir ki, daha yaxşı təhlil edib, uğur qazanmaq üçün hansı taktikanı seçməsinə qərar verəcək. "Sabah"ın heyətində bir neçə oyunçu var idi. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən İvan Lepinitsanın oyunu mənə daha çox gəldi. Hiss olunur ki, keyfiyyətli oyunçudur. Coy-Lens Mikkelsi əvvəlcədən tanıyırdıq. Normal çıxış etdi. Pavol Şafranko da qol vurdu. Ondan başqa, çox da yaddaqalan çıxışı olmadı. Lakin komandaya müsbət mənada təsir etdi, qolunu vurdu. "Sabah"a uğurlar arzulayıram. İstəyərəm ki, yeni gələnlər də komandalarımızın gücünə güc qatsın. Biz də kənardan baxıb, komandalarımızın uğuruna sevinək.
 

writer photo
Əlirza Əlirzalı
0