Blerim Dzemaili: “Qarabağ”la cavab oyunu tam fərqli olacaq”
25.07.2022 - 10:45
Blerim Dzemaili: “Qarabağ”la cavab oyunu tam fərqli olacaq”

“İsveçrə çempionatının II turunda “Lütsern”lə bərabərə qalmağımız irəliyə doğru atılmış addımdır. Çünki bu mövsüm ilk dəfə uduzmadıq və qol buraxmadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix”in futbolçusu Blerim Dzemaili deyib.

36 yaşlı yarımmüdafiəçi İsveçrə mətbuatına açıqlamasında çempionatda “Yanq Boyz”a (0:4) və ÇL-də “Qarabağ”a (2:3) məğlubiyyətdən sonra “Lütsern”lə qolsuz heç-heçə etməyi uğur adlandırıb: “Çempionlar Liqasının təsnifat mərhələsi həmişə ağlımızdadır. Komandamızda heç vaxt Çempionlar Liqasında çıxış etməyən futbolçular çoxdur. Bu turnirdə yer almaq hamının arzusudur. Deməli, ölkə çempionatını ikinci plana atmağımız normaldır”.

Təcrübəli oyunçu bir həftə əvvəl Bakıdakı məğlubiyyəti xatırladaraq, Sürixdə daha yaxşı çıxış edəcəklərini bildirib: “Qarabağ”la cavab görüşü tamamilə fərqli olacaq. Bu dəfə evdə çıxış edəcəyik və özümüzə böyük inamla meydana çıxacağıq”.

İsveçrə millisinin sabiq üzvü komandada yenidənqurma işləri getdiyini və bu üzdən zamana ehtiyacları olduğunu əlavə edib: “Yeni baş məşqçi Franko Foda hamıya şans verir. İndi o, yəqin ki, bəyəndiyi 4-lü müdafiə sistemini aşılamaq istəyir. Bütün kollektivə, xüsusən də, yeni oyunçulara vaxt verməliyik. Bu müddət iki-üç ay çəkir. Sonra İvan Santini kimi yeni oyunçular bizə çox kömək edəcəklər”.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0