Boksçularımızdan 179 medal
29.12.2023 - 18:40
Boksçularımızdan 179 medal

2023-cü il Azərbaycan boksu üçün uğurlu bir il kimi yadda qalacaq. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 179 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 26 beynəlxalq yarışda əldə ediblər. Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

Boksçularımız 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında əldə edib. Milli komandalarımız iştirak etdiyi mundialda və qitəsəviyyəli yarışların hər birindən Vətənə mükafatla qayıdıblar. Həmçinin, boksçularımız Avropa Oyunlarında 2 dəfə fəxri kürsüyə qalxıb və eyni sayda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Milli komandamızın hesabında Qızıl kəmər seriyasından, II MDB Oyunlarından və Beynəlxalq Universitet İdman Festivalından da medallar var.

Avropa və dünya çempionatlarında 14 medal, ilk azərbaycanlı
Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq) ardıcıl ikinci dəfə çempion tituluna yiyələnib. Monteneqronun Budva şəhərində təşkil olunan yarışda Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) bürünc medal qazanıblar. Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçularımız analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilərsə, bu dəfə say 5-ə yüksəlib.

U-22-lərin Avropa çempionatı, həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandamızın heyətində Marjona Savriyeva (50 kq) 3-cü olmaqla, adını boks tariximizə yazdırıb.

Sloveniyanın Maribor şəhərində məktəblilər arasında Avropa birinciliyində Şahin Aslanov (52 kq) və Səftər Məmmədzadə (90 kq) qitənin ən güclüsü adına sahib olub. Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. 2022-ci ildə Türkiyədə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılıb.

Qitə çempionatında daha 2 medalı yeniyetmə boksçularımız qazanıblar. Rumıniyanın Ployeşti şəhərində Elbrus Kərimli (54 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü olublar.

Dünya çempionatında Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb. Uğurlarımız ötən il olduğunu kimi tək kişilərin adı ilə bağlı deyil. Qadınların analoji yarışında fəxri kürsünün 3-cü pilləsinə qalxan Aynur Rzayeva ilk azərbaycanlı boksçu kimi mükafatçılar sırasında yer alıb.

Sabaha ümid
Ayrı-ayrı yığmalarımıza gəlincə, yeniyetmələrdən ibarət komandamız daha çox medal qazanıb. Vaqif Kazımovun rəhbərlik etdiyi milli 7 yarışda 60 mükafata sevinib. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 64-ə bərabərdir. Bunlardan 18-i qızıl, 9-u gümüş və 37-i bürünc olub. Bu komanda ötən illə müqayisədə 326 (məktəblilərsiz) faizlik artım əldə edib.

Gənclərdən ibarət millimiz mükafat sayını 16-dan 51-ə yüksəldib. Elbrus Rzayevin baş məşqçisi olduğu yığma bu mükafatları 6 beynəlxalq yarışda əldə edib. Onların medallarda artım faizi 219-a bərabərdir.

Pedro Rokenin çalışdırdığı yığmanın 8 turnirdən qazancı 24 mükafat olub. Yadigar Məmmədovu rəhbərlik etdiyi qadınlar və qızlardan ibarət millilərimiz isə 11 beynəlxalq yarışda 29 dəfə medal sevinci yaşayıblar.

U-22-nin də uğurunu və rekordunu nəzərə alsaq, bütün yaş qrupları üzrə yığmalarımızda sabaha ümidlə baxa bilərik. Çünki aşağı yaş qruplarında medal sayında daha çox irəliləyiş var.

47 faizlik nəticə, Bakıda yenidən 2 beynəlxalq yarış

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 26 yarışda 383 boksçu ilə təmsil olunub. Boksçularımızdan 74-ü Avropa və dünya çempionatlarında, 309-u beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. Onlardan da 47 faizi yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Azərbaycan müəyyən fasilədən sonra 2 beynəlxalq turnirə ev sahibliyi edib. 11 ölkənin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yeniyetmələr arasında beynəlxalq yarış keçirilib. Ardınca ölkəmizdə Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir təşkil olunub, 7 komanda qatılıb. Bu yarışlar və Azərbaycan birincilikləri yutubla birbaşa yayımlanıb.

Azərbaycan çempionatlarına gəlincə, 3 belə yarış təşkil olunub. Kadetlər arasında 6 zona turnirinin yekununa əsasən Bakıda ən güclülərin iştirakı ilə final mərhələsi baş tutub. Həlledici mərhələyə 52 komandanın ən güclü 227 idmançısı qatılıb.

Gənc boksçular arasında ölkə çempionatında da komanda və iştirakçı sayında irəliləyişlər qeydə alınıb. Bu dəfə birinciliyə 59 komandanın 227 idmançısı qatılıb.

Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri geridə qoyub. Xarici supervayzer və hakimlərin də ədaləti qoruduğu yarışda 41 komandanın 167 idmançısı döyüşüb.

Maddi-texniki baza güclənir, hakimlərimiz ulduzunu artırır

Tarixin yaddaşına qovuşmasına günlər qalmış 2023-cü il maddi-texniki bazanın möhkəmlədilməsi istiqamətində də mühüm addımlar atılıb. Cənab Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Sumqayıtda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan zaman dövlətimizin başçısına arenanın yardımçı binasında inşa edilən Boks Təlim Mərkəzi barədə məlumat verilib. Bununla yanaşı, Lənkəran Boks Mərkəzində idmançıların hazırlığı yenidən bərpa edilib. 
Həmçinin hakimlərimiz ulduzlarını artırıb, beynəlxalq yarışlara təyinat alıblar. Məşqçilərimiz üçün Bakıda seminarlar, boksçularımız üçün isə ölkə xaricində və paytaxtda bir neçə təlim-məşq toplanışı təşkil olunub.

Gözlə bizi, Paris
İnanırıq ki, 2024-cü il boksçularımız üçün daha uğurlu olacaq. Çünki Paris-2024 Yay Olimpiya Oyunlarına ötən ildən başlatdığımız “Olimpiya qızılına doğru” devizi ilə yollanacağıq. Bu yolda Murad Allahverdiyevlə (80 kq) Məhəmməd Abdullayev (+92 kq) ilk addımları atıblar. Qarşıdakı təsnifat turnirlərində lisenziyalarımızın sayının artacağına şübhə etmirik. Bu səbəbdən Gözlə bizi, Paris, deyib, Fransa paytaxtında Azərbaycan üçün ilk Olimpiya qızılı üçün yollanacağıq.

Qeyd edək ki, 1 il öncə boksçularımız 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdı.

writer photo
Əlirza Əlirzalı
0