Türkiyə 1-ci Liqa təmsilçilərindən “Boluspor"un İdarə Heyətinin üzvü Mahmut Çimender apasport.az saytına müsahibə verib. O, Vüsal İsgəndərlinin transferindən və onun perspektivindən söhbət açıb.
- Vüsal İsgəndərlinin transferini necə həyata keçirdiniz?
- Bizim klubun skautları var və bizim skaut proqramları sayəsində də oyunçuları izləyirik. Vüsalı da izləyirdik. Daha sonra onu canlı izləmək üçün Albaniyaya yollandıq. Elə orada canlı izlədikdən sonra onu transfer etmək qərarını verdik. O, çox sürətli futbolçudur. Oyun tempi, texnikasından yararlanaraq ona uyğun plan qururuq. Yəni, biz düşünərək onu heyətimizə qatdıq.
- Artıq komandaya tam uyğunlaşıb?
- Çox xarakterli oyunçudur. Komandaya gələr-gəlməz uyğunlaşıb. Əsl komanda oyunçusudur. Meydana çıxanda da 100 faizini meydanda verir. İndiyə qədər oynadığı görüşlərdə belə olub. İnanıram ki, komandamıza hər zaman xeyir verəcək.
- Gələcəkdə onu Superliqa klublarına satmaq fikriniz var, yoxsa onunla bağlı planınız uzunmüddətlidir?
- Düzü, Vüsal elə “Boluspor”un heyətində Superliqada oynamaq istəyir. Allah qoysa, bunu reallaşdıracağıq. Biz bu mövsüm pley-off mərhələsinə düşməyi planlaşdırırıq. Gələn sezondan isə çempionluq uğrunda mübarizə aparacağıq. Ümid edirəm ki, hər şey yaxşı alınacaq. Vüsala gəlincə, o, əvvəllər də Türkiyə birinci liqasında oynayıb - “Keçiörengücü”nün heyətində. Yəni, liqanı çox yaxşı tanıyır. Bu da onun üçün əlavə üstünlükdür. Bizim istəyimizə uyğun biridir.
- Vüsal “Boluspor”da ilk azərbaycanlı futbolçu deyil. Ondan əvvəl İlqar Qurbanov və Araz Abdullayev də orada oynayıb....
- Bəli, bunu çox yaxşı bilirəm. Ümumiyyətlə, Azərbaycan futbol bazarını çox yaxından izləyirik. Əslində, Türkiyə klublarının hamısında belədir. Bizim Vüsaldan savayı maraqlandığımız azərbaycanlı futbolçular var idi və indi də var.
- Hansı futbolçu ilə maraqlanmısız?
- Eddi İsrafilovu istəyirdik. Amma düzü, büdcəmiz onu gətirməyə imkan vermədi. Ona görə də, alınmadı. Amma qarşıdakı illərdə yenə də azərbaycanlı futbolçunun keçidi gündəmdə ola bilər. Daim izləyirik.
- Bir azərbaycanlı futbolçu Türkiyə klubunda legioner hesab edilmir. Yəqin ki, bunun da Türkiyə klubları üçün azərbaycanlı futbolçu gətirməkdə üstünlüyü böyükdür?
- Açığı, Azərbaycan futbol bazarına yönəlməyimizdə əsas səbəblərdən biri odur. Azərbaycanlılar komandada legioner hesab edilmir. Biz Azərbaycanı, azərbaycanlıları çox sevirik. Dilimiz də birdir. Bundan sonra da Azərbaycan bazarına diqqətimizi davam etdirəcəyik.