“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına müsahibə verib.
-Azərbaycan Premyer Liqasının qış çempionu "Qarabağ" oldu. Halbuki, mövsümə çempionatda qeyr-stabil başlamışdılar, amma sonradan rəqibləri üçün yenilməz oldular. "Qarabağ"ın bu cür performansı sənin üçün gözlənilməz oldu?
-“Qarabağ”ı qış çempionluğu münasibətilə təbrik edirəm. Həqiqətən də mövsümün ilk yarısını çox yaxşı mübarizə apardılar və çempion oldular. Fikrimcə, 70-80 % “Qarabağ” Azərbaycan çempionu olacaq.
-Ümumiyyətlə, "Qarabağ"ın zamanla, oyundan-oyuna ən yaxşı performansına çatmasının səbəbi nədir? Komanda zaman keçdikcə, daha da yaxşı duruma gəlir....
-Hər klub üçün çempionatın əvvəlindən zaman lazım olur ki, oyununu tutsun. Bu, zaman keçdikcə baş verir. “Qarabağ”da da belə oldu. Komanda matçdan-matça oyununu otuzdurdu və qış çempionu oldu.
-Komanda ÇL-in təsnifat mərhələsində "Rakov" səddini keçə bilməyəndə, "Qarabağ" çox tənqid edildi. Hətta bu mövsüm avrokubokların qrup mərhələsinə düşməyəcəyini də iddia edənlər oldu. Həmin anda nə düşünürdün, yenə də inanırdın ki, komanda avrokuboklarda qrup mərhələsinə düşəcək?
-Futboldur da, olur. Amma biz “Qarabağ”a inanırdıq. İndi də inanırıq. Bundan sonra da inanmağa davam edəcəyik. Hər halda, komanda Avroliqada qrup mərhələsinə düşdü. Demək ki, hər şeyi yaxşı bacarırlar. Sadəcə, zaman lazım idi.
-"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki çıxışını necə dəyərləndirirsən? Komandanın qrupdan çıxacağını ehtimal edirdin?
-Onlara inamımız böyük idi. Düşünürdük ki, “Qarabağ” qrupdan çıxacaq. Belə də oldu. Komanda bu mövsüm avrokuboklarda çox uğurlu və inamlı çıxış edərək qrupdan çıxmağı bacardı.
-“Braqa”... Səncə, "Qarabağ" bu səddi, bu komandanı məğlubiyyətə uğrada biləcək? Ən azından 2 oyunda heç-heçə edib, penaltilərlə rəqibi keçmək nə dərəcədə realdır?
-Hələlik vaxt var. Yaxşı hazırlaşıb, “Braqa” səddini də keçə bilər. Məncə, “Qarabağ” bu komandaya qarşı layiqincə futbol oynayıb istədiyi nəticəni əldə edə biləcək. Doğrudur, “Braqa” Portuqaliyada 3-4 komandadan biridir. İllərdir ki, avrokuboklarda mübarizə aparırlar. Çox da yaxşı komandadır. Onların oyunlarına da baxmışam. “Braqa”nın gücünə baxmayaraq, “Qarabağ”ın bu səddi keçərək yeni tarix yazacağına inanıram.
-Yəqin ki, "Qarabağ"ın bu mövsüm də çempion olacağına şübhən yoxdur? Miodraq Bojoviçin "Neftçi"si "Qarabağ" qarşısında çempionluq mübarizəsi apara bilər?
-“Qarabağ” ikinci pillədəki “Zirə”dən 12 xal öndədir. Doğrudur, futbolda hər şey mümkündür. Amma məncə, “Qarabağ” 70-80 % çempion olacaq. İkinci yarıda bizi daha maraqlı oyunlar gözləyir. Tək “Neftçi” yox, inanıram ki, bütün komandalar daha yaxşı oynayacaq. Tək “Sabah”, “Araz-Naxçıvan”, “Səbail” yox, hətta “Qəbələ”nin də ikinci dövrədə yaxşı oynayacağını düşünürəm. “Qəbələ” çempionatın ikinci yarısında layiqli yerlərə gəlib çıxacaq.