“Bu gün çox yaxşı oyun göstərdik”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçirilən son oyun barədə danışarkən deyib.
“Dalğa Arena”da baş tutan qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edən komandamız 10 xalla C liqasının 3-cü qrupunu 2-ci pillədə başa vurub.
Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Əvvəlkilərdən daha az səhv elədik. Amma şansları qola çevirmək baxımından daha yaxşı olmalıyıq. Komandamın ikinci hissədəki çıxışından razı qaldım. Qrupdakı matçların hamısında yaxşı oynadıq. Qazaxıstana ilk görüşdə məğlub olduğumuz zaman da qələbəyə biz layiq idik. Pozitiv yoldayıq, komanda inkişaf edir”.
- Amin Seydiyevin bu gün “23-lük”dən kənarda qalmasına səbəb nə idi?
- Bu gün fərqli qərar verdim. Amin yaxşı oyunçudur, inkişaf edə, Azərbaycanın gələcəyi ola bilər. Dinamik oyunçudur, amma taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək.
- 90 dəqiqə ərzində başınız üzərində millinin fan-klubu əyləşmişdi. Qələbədən sonra onlara yaxınlaşmadınız. Tələsirdiniz?
- Oyunda bir epizod oldu, futbolçu sürüşdü, azarkeşlər ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir.
- Mahir Emrelini ehtiyatda saxlamağınız taktiki gediş idi, yoxsa klubunda oynamaması ilə bağlı idi?
- Bəli, Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sona qədər oynaya bilməyəcək. Yaxşı oyunçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belədə heç nə edə bilmirsən.
- Millidə qalsanız, bu müsbət oyun davam etdiriləcəkmi?
- Bilmirəm.
- Düşünmürsünüz ki, ancaq hücum futbolu sayəsində uğur qazanmaq mümkündür?
- Çox sağ olun, bunu bilmirdim. 40 ildir futbolun içindəyəm. Bilirəm ki, siz qələbə qazanmağa öyrəşmisiniz, yəqin “Real” və ya “Bavariya” azarkeşisiniz. Biz o komandalardan deyilik.
- Qrupdakı hansı nəticə sizi daha çox məyus etdi?
- Qazaxıstanla birinci və Slovakiya ilə buradakı oyun. Uduzmamalı idik, müdafiədə böyük səhv elədik, bizə baha başa gəldi. Bu komanda yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın. Uşaqlara başa saldım ki, topu irəli atmasalar, onunla daha çox rəftar etsələr uğur qazanmaq olar.
- Buradakı ilk gününüzlə müqayisədə indi yığmada nə kimi fərq görürsünüz və bu müddətdə yığmaya nə vermisiniz?
- Bunu siz deməlisiniz. Çünki kritik işi siz görürsünüz. Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi. Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmadan böyük uğur tələb olunur. Mən gələndən sonra nə qədər gənc oyunçu çıxış edib. Cəlal Hüseynov, Musa Qurbanlı və başqaları. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər.
- Qazaxıstan birinci yerə layiq idi?
- Qazaxıstan qrup birinciliyinə layiq idi. Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar.
- Ardıcıl 3 qələbə Azərbaycan futbolu üçün, yoxsa de Byazinin millidəki gələcəyi üçün xeyirlidir?
- Bilmirəm.
- Millidəki fəaliyyətinizi davam etdirsəniz, Albaniya ilə qazandığınız nəticəni təkrarlaya bilərsiniz?
- Bura gələndə birinci gün “Sabah” – “Qəbələ” oyununa baxmışdım, çox bəyənmişdim. Yavaş-yavaş digər oyunlara baxanda gördüm ki, vəziyyət o qədər də yaxşı deyil. Albaniyada isə əksinə, ilk gündə çox pozitiv deyildim. Amma getdikcə orada daha yaxşı potensial olduğunu gördüm. Legioner futbolçumuz azdır. Belə oyunçularımızın sayının çox olmasını istərdim.
- Millətlər Liqasından yoxsa, seçmə mərhələdən final mərhələsinə vəsiqə qazanmaq istərdiniz?
- Hardan olur-olsun, fərqi yoxdur. Gözəl təcrübə olar. Xalq, futbolçular üçün qeyri-adi şey olar. Bəxtimiz gətirsə, çıxa bilərik.
- 2 il 1 aylıq fəaliyyətiniz zamanı yığmaya hansı futbolçunu qazandırdınız və millinin hansı üzvü İtaliya A seriyasında oynaya bilər?
- Cavab verə bilmərəm. Birini deyərəm, o birilərini demərəm, düz çıxmaz.
- Musa Qurbanlıda beynəlxalq oyun təcrübəsi azdır. Onda perspektiv görürsünüz və nə tövsiyə edərdiniz?
- Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, “Qarabağ”da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi perspektivli oyunçularımız da var.
- Qırmızı vərəqə olmasaydı, yenə qələbə qazanacaqdınız?
- Əvvəldən oyunu biz idarə edirdik. Ola bilər ki, ilk hissədə çox qol vəziyyəti yarada bilmirdik. Sağ cinahdan Ozan Can və Höccət fəal idilər. Matçdan sonra rəqibin baş məşqçisi ilə də görüşdüm, ona təbriklərimi çatdırdım. Qazaxıstan meydanda necə mübarizə aparmaq lazım olduğunu hər kəsə göstərir. Güclərinin 300 faizini göstərdilər.