Canni de Byazi: “Heyəti artıq müəyyənləşdirmişəm”
02.06.2022 - 15:53
Canni de Byazi: “Heyəti artıq müəyyənləşdirmişəm”

“İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdən fərqli olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis sabah Nur-Sultandakı “Astana Arena”da baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Heyəti artıq müəyyənləşdirmişəm. Amma indi deyə bilmərəm. Bunu sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.

O, millimizin Qazaxıstan, Slovakiya və Belarusla birgə yer aldığı C liqasının III qrupunu da dəyərləndirib: “Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq. Qrupda ilk oyun bizim üçün çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir”.

Baş məşqçi düşündüyü bütün oyunçuları dəvət etdiyini deyib: “Çox oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir. İstəmədim lap çox oyunçu çağıram. Hazırda komandada itki yoxdur”.

writer photo
Əlirza Əlirzalı
0