"Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib".
Apasport.az xəbər verir ki, bunu AFFA-nın Hesabat-Seçki Konfransında FİFA prezidenti Canni İnfantinonun videoçıxışı zamanı deyib.
O, Rövnəq Abdullayevə 16 il ərzində gördüyü işlər üçün minnətdarlıq edib: “Əziz dostlar, azərbaycanlı futbol azarkeşləri. Çox sağ olun, hörmətli Rövnəq bəy. AFFA prezidenti kimi 16 il ərzində gördüyünüz işlərə görə sizə və komandanıza, o cümlədən də indi bizimlə çalışan Elxan Məmmədova təşəkkürümü çatdırmaq istəyirəm”.
C.İnfantino son illər Azərbaycan futbolunun tərəqqisinə şahidlik etdiyini bildirib: “Siz bu 16 il ərzində Azərbaycan futboluna xeyli investisiya yatırdınız. Bu yaxınlarda FİFA seriyasından olan turnirə Avropada ilk dəfə siz ev sahibliyi etdiniz. Bu illər ərzində biz görüşlər zamanı Azərbaycan futbolunun inkişafı üçün nə edə biləcəyimizi müzakirə edirdik. 2021-ci ildə Bakıda keçirilən Avropa çempionatının İsveçrə - Türkiyə matçında bu tərəqqini gördüm. Azərbaycan hələ 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına uğurla ev sahibliyi etmişdi. Yeni AFFA rəhbərliyinə uğurlar arzulayıram”.