Cüdo üzrə Avropa Kuboku Göygöldə
28.04.2023 - 16:56
Cüdo üzrə Avropa Kuboku Göygöldə

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış mayın 6-7-də Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək. 

Avropa Kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyev 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir. 

writer photo
Əlirza Əlirzalı
0