Cüneyt Biçer: “Mahirin heyətə düşüb-düşməməsi öz əlindədir” - MÜSAHİBƏ
04.03.2023 - 17:00
Cüneyt Biçer: “Mahirin heyətə düşüb-düşməməsi öz əlindədir” - MÜSAHİBƏ

“Bakı” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçerin apasport.az saytına müsahibəsi

- Mahir Emrelini ən yaxşı tanıyanlardan biri olduğunuzu desək, yəqin ki, yanılmarıq. Hər halda, lap uşaq vaxtlarından onu “Bakı”dan tanıyırsız. Onun “Konyaspor”a keçidi sizi sevindirdi?
- Doğrudur, Mahiri çox yaxşı tanıyıram. Bilirsiz, lap uşaq yaşlarından bildiyimiz və o günlərdə çox yaxşı futbolçu olacağına inandığımız Mahiri Türkiyə Superliqasında izləmək bizi çox xoşbəxt etdi. Həqiqətən də sevindim və ona ancaq uğurlar arzulaya bilərəm. 

- Mahir Türkiyəyə yollanmamışdan öncə və ya bu aralar sizinlə danışıb?
- Yox. Yaxın zamanlarda heç onunla danışmamışıq. 

- Ümumiyyətlə, danışsaydınız və ya indi ona hansı tövsiyələrinizi verərdiniz? Hər halda, Türkiyə futbolunu daha yaxından bilən məşqçisiz...
- Mahir gənc olmasına rəğmən yetərincə təcrübəli futbolçudur. Türkiyədə lazımınca yaşayıb, çalışıb, komandaya və Türkiyə futboluna nə qədər yaxşı oyunçu olduğunu göstərməsini, eyni zamanda, bunun hamımızı çox xoşbəxt edəcəyini bilməsini tövsiyə edirəm. İnanıram ki, o, ən yaxşısını edə biləcək.

- “Konyaspor” son görüşlərdə uğursuzluğu ilə yadda qalır. Sizcə, onların uğursuz çıxış etməsinin əsas səbəbi nədədir?
- “Konyaspor”da baş məşqçi dəyişikliyi oldu. Bu da, yaxşı nəticə gətirmədi. Amma “Konyaspor” çox yaxşı komandadır. Əminəm ki, bir müddətdən sonra onlar toparlanıb, yenidən uğurlu nəticələr qazana biləcək.

- Mahirin hazırkı klubunda özünə əsas heyətdə yer etmək şansını necə dəyərləndirirsiz? Digər futbolçularla müqayisədə Mahirin hər hansı üstünlüyü var?
- Mahirin “Konyaspor”da əsas heyətə düşüb-düşməməsi tamamilə öz əlindədir. Yaxşı çalışıb, komandaya da tez bir zamanda uyğunlaşarsa, Mahirin istedadı ilə hər komandada şans tapacaq futbolçu olduğuna inanıram. Çünki bayaq dediyim kimi, uşaqlıqda tanıyıram və həqiqətən yaxşı futbolçudur.

- “Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviçin Mahirə güvənəcəyini ehtimal edirsiz? O, bu klubda forvard kimi oynasa yaxşıdır, yoxsa vinger kimi?
- Aleksandr Stanoyeviç Mahirə mütləq şans verəcək. Bu, nə vaxt baş verəcək, baş məşqçi onu hansı mövqedə oynadacaq.... Bunu artıq zaman və komandanın durumu göstərəcək.

- Bu komandada İbrahim Şehiçin yer alması onun üçün üstünlük sayıla bilər? Hər halda, “Qarabağ”da birlikdə çıxış ediblər...
- Əlbəttə. Bu, Mahir üçün çox yaxşıdır. Çünki komandada əvvəldən tanıdığı birinin olması üstünlükdür.

- Mahir “Konyaspor”da özünü göstərərsə, klub onun transfer hüquqlarını “Dinamo”dan almaq istəyər?
- Mən “Konyaspor”un Mahiri transfer etməsini çox istəyərəm. Çünki onu Türkiyə Superliqasında izləmək zövq verəcək. Ümidvaram ki, onda hər şey çox uğurlu alınacaq.
 

writer photo
Əlirza Əlirzalı
0