"28-ci dəqiqəyədək bərabər səviyyəli oyun gedirdi. 2-ci qoldan sonra isə inamı itirdik".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçından sonra keçirilən mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis öz oyunlarını göstərməyə çalışdıqlarını bildirib: "1-ci qoldan sonra sakitliyimizi qoruya bilmədik və son dəqiqələrə qədər əziyyət çəkdik".
İtaliyalı baş məşqçi komandada debüt edən Yusif İmanov və Azər Əliyev haqqında danışıb: "Gələcəkdə bizim üçün lazımlı oyunçu ola bilərlər. Matçdan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik".
De Byazi rəqibin təcrübəli futbolçulardan ibarət güclü kollektiv olduğunu söyləyib: "Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisinin növbəti rəqibi martın 27-də İsveç olacaq. Görüş Skandinaviyadakı "Friends Arena"da keçiriləcək.