Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş “Zirə” – “Neftçi” matçında zədələnmiş futbolçu Eddi İsrafilov klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi”nin baş həkimi Şaiq Zöhrablı bildirib ki, İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmayıb: "Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Yəni futbolçunun səhhətində ciddi problem yoxdur”.