Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Bakıda 3:2 hesabı ilə məğlub etdiyi “Sürix”lə bu dəfə İsveçrədə üz-üzə gələcək.
Vaxtilə uzun müddət “Qarabağ”ın formasını geyinmiş, hətta İsveçrə klublarından “Yanq Boyz”la qarşılaşmada da qol vurmuş Əfran İsmayılov sabiq komandasının şanslarını dəyərləndirib. Hazırda “Kəpəz”də çıxış edən 34 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı bu cütlükdə favorit adlandırıb:
Avropada irəli gedə biləcək, bizi sevindirəcək bir komanda varsa, o da “Qarabağ”dır. Sərgilədikləri oyun və peşəkar klub olmaları bunu deməyə əsas verir. Qurban Qurbanov böyük klub yaradıb. Neçə ildir “Qarabağ” eyni şəkildə yoluna davam edir. Demək olar ki, bütün Avropa “Qarabağ”ı tanıyır, yüksək səviyyəli klub kimi qəbul olunur.
“Sürix”lə Bakıdakı ilk oyunda 3:2 hesablı qələbəyə baxmayaraq, görüş 4:2 və ya 5:2 də bitə bilərdi. Çünki təmsilçimiz çox qol şansı yaxaladı. İndi Sürix səfəri çətin olacaq. “Sürix” İsveçrə çempionudur, daha istəklidir. Çünki uzun müddətdir Çempionlar Liqasının qrupunda oynamayıb, heyətindəki futbolçular bunu çox arzulayır.
İsveçrədəki matçda tamam başqa atmosfer olacaq. Çünki Avropada azarkeş dəstəyi möhtəşəm olur. Amma “Qarabağ” belə ab-havada oynamağa öyrəşib. Əminəm ki, Qurban müəllim birinci görüşü yaxşı təhlil edib, komandanı oyuna başqa cür hazırlaşdırıb. Düşünürəm ki, “Qarabağ” səfərdə müdafiə futbolçu göstərməyəcək. Çünki müdafiədə otursa, çox çətin olacaq.
Səfər qolu üstünlüyü olmadığından, “Sürix” 2 top fərqilə qalib gəlməlidir. Ancaq bilirəm ki, “Qarabağ” hücum futbolu oynayacaq, hətta matçın taleyini ilk yarıda bitirməyə çalışacaq. Qurban Qurbanovun tapşırıqlarına futbolçular meydanda əməl etsələr, oradan da qələbə ilə dönəcəklər.
Proqnozum: “Qarabağ” 2:1 hesabı ilə qalib gələcək.