Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Elhad Naziri hazırda minifutbol çempionatında iştirak edən, milli komandamızın keçmiş futbolçularının toplaşdığı “İnter”in formasını geyinir.
Apasport.az saytına müsahibə verən Naziri bu komandaya keçidindən söhbət açıb.
Bununla yanaşı, Rumıniya yüksək liqasında oynamış yeganə azərbaycanlı olan Elhad "Neftçi"nin çalışdırıcısı Adrian Mutu haqda fikirlərini bildirib. "Petrolul"la Rumıniya kubokunu qazanmış veteran futbolçu Adrian barədə xoş sözlər deyib.
- Aktiv futbolçu karyeranızı başa vurduqdan sonra yenidən futbola qayıtdınız, amma bu dəfə mini-futbola. Ümumiyyətlə, minifutbolda oynamaq qərarı necə baş tutdu? Deyəsən, sizə də təklifi Əfran İsmayılov göndərib?
- Həqiqətən maraqlıdır. Futbolla vidalaşırsan, sonra yenidən keçmiş, oynadığın oyunçularla bir komandada çıxış edirsən, çox yaxşı hislərdir. Keçmişi xatırladır. Bəli, təklif Əfrandan gəldi. Mən də, bunu sevə-sevə dəyərləndirdim. Niyə də olmasın? Həm öz sağlamlığım üçün yaxşıdır, həm də millinin keçmiş üzvləri ilə bu turnirdə iştirak edirik. Bu da əla hisslərdir.
- Böyük futbol olmasa da, ümumiyyətlə, yenidən mübarizədə olmaq, minifutbolçu kimi meydana çıxmaq necədir? Özü də, vaxtı ilə millidə çiyin-çiyinə oynadığın futbolçularla...
- Bilirsiz, bütün futbolçuların hamısı minifutbolda yetişib. Məhəllədə oynamışıq, orada-burada futbolda "bişmişik". Sadəcə, indi minifutbol çox inkişaf edib. Artıq minifutbolu başqa cür oynayırlar, hərə öz yerini bilməlidir, hücumda, müdafiədə nə etməlisən. Meydança balaca olduğu üçün, qayda belədir, qaçmasan, mümkün deyil ki, burada oynayasan. Biz də futbolu uzun müddətdir buraxdığımız üçün həqiqətən çətindir. Ona görə bacardığımız qədər, çalışırıq ki, kim yorulursa, dəyişilsin. Ki, komandanın ziyanına bir şey olmasın. Belə ajiotajın, marağın olacağını düşünmürdüm. Birinci turdan sonra da çempionatın necə maraqlı və güclü komandalarla keçirildiyini gördüm. Biz də ən yaxşısını edəcəyik.
- İlk oyununuzda "Sumqayıt"ı məğlubiyyətə uğratdınız. Matç sizin üçün necə keçdi? Rəqib sizə müqavimət göstərə bildi?
- “Sumqayıt” yaxşı komanda idi, maraqlı və çətin oyun keçdi. Şükürlər olsun ki, qalib gəldik. “Sumqayıt”ın keçən ilki çıxışına baxmışdıq, yaxşı komanda idi. Ağır olacağını bilirdik. İlk oyun da həmişə çətin keçir. Amma qalib gələ bildik.
- Demək olar ki, çempionatın əsas favoriti elə sizin komandadır, yoxsa düşünürsən ki, vaxtı ilə milli komandada oynamağınız, böyük futbolda oynamağınız sizi favorit etmir?
- Belə deməzdim. Çempionatda çox maraqlı komandalar var – “Birbaşa”, “Zirə”, “Odlar Yurdu”, “Turan” və digərləri. Çempionatda çox yaxşı 6-7 komanda var ki, bizi onlarla çox maraqlı oyunlar gözləyir. Hər kəsə uğurlar arzulayırıq. Allah qoysa, kim güclüdürsə, qalib olar.
- Maraqlıdır, minifutbol komandasından pul qazanırsız, maaş və ya qələbə üçün mükafatlar var, yoxsa sadəcə vaxtınız getsin, oynamaq eşqinə bu işi görürsüz?
- Əslində, Əfran bizə bu təklifi ilk dəfə edəndə, biz heç maddi tərəfəini düşünmədik. Çünki bizə xoş idi ki, keçmiş oyunçular bir komandada oynayacaq. Hamı hər ay maaşını alır. Hamı da eyni pulu alır, aşağı-yuxarı söhbəti yoxdur. Mükafat söhbəti olmayıb. Amma çox güman ki, o da oldu. Lakin biz bura pul üçün gəlməmişik. Əfran bizə deyən kimi, hamı sevərək təklifi qəbul etdi.
- Bilirik ki, "Cəbrayıl"da da Cavid Hüseynovun köməkçisiz. Oradakı işinə maneçilik törədir?
- Xeyr, “Cəbrayıl”dakı işimizə heç bir problem yoxdur. Burada məşqlərimiz səhər olur. Çempionat matçları da axşama düşür. Həftədə iki dəfə məşqimiz olur, o da axşama düşür. “Cəbrayıl”la bağlı heç bir problem yoxdur, məşqlərimiz davam edir. Dekabrın 11-də oyunumuz var. Çalışırıq ki, komandamızı layiqli yerdə görək.
- Azərbaycanlı futbolçular arasında legioner həyatı yaşamışlardan birisiniz, özü də Rumıniyada sizdən başqa legionerimiz olmayıb. Bu mənada, Rumıniya futboluna daha yaxınsınız. Adrian Mutunun "Neftçi"dəki işini necə qiymətləndirirsiz? Sizcə, o, "Neftçi"də nələrsə, edə biləcək?
- Ona şans verilsə, pis olmazdı. Ən azından futbol görmüş biridir. Onun da öz futbol düşüncəsi, fəlsəfəsi var. Məncə, bir az şans, zaman vermək lazımdır. Çünki gəncdir. Azərbaycanlı gənc mütəxəssislər necə özünü yaxşı tərəfdən göstərməyə çalışırsa, inanıram ki, Mutuda da belədir. Sadəcə ona vaxt vermək lazımdır. Vaxtdan savayı, məşqçiyə sərbəstlik vermək lazımdır. Ki, o, beyin və ürəy olaraq işinə, komandasına fokuslansın. Belə durumlarda, məşqçinin çemodanı yanında olur. Komandaya və növbəti turlara köklənsələr, daha yaxşıdır. Azarkeşlərin təzyiqi var, “Nefti” böyük klubdur. Onlardan hamı yaxşı oyun və yaxşı nəticə gözləyir. Mutuya şans verməyə dəyər. Məşqçi kimi uğurları bolu çox olsun. Rumıniyada iki il futbol oynamışam. Onlarla münasibətim olub. Rumınlar yaxşı insanlardır. Orada yaşadığım iki ildən məndə çox yaxşı xatirələrim qalıb. Futbol oynadığım vaxtlardan bu yana qədər, məncə, ən uğurlu karyeram orada keçib. Rumıniya kubokunun sahibiyəm, həm də çempionatda bürünc medalların sahibi olmuşam. Rumınlar haqda çox danışaram. Bu ölkə mənim üçün hər zaman xoş olaraq qalacaq.
- Maraqlıdır ki, Rumıniya mətbuatı artıq Mutunun adını "ÇFR Kluj"la hallandırır və bu klubun Mutunu istədiyini yazır. Rumıniya mətbuatına bələdsiniz. Sizcə, bu, doğrudur, yoxsa "Neftçi"də işinin uğurlu getməməsinə üçün dəstəkdir həmyerlilərindən?
- Vallah bu haqda heç nə deyə bilmərəm. Çünki vəziyyəti bilmirəm. Amma Rumıniya mətbuatı hər zaman operativ, yaxşı işləyir. Rumıniya camaatı da futbolu o qədər çox sevir ki. Od olmayan yerdən, tüstü çıxmaz, nəsə bilməsələr, yazmazlar. Mutu Rumıniya futbolunun ən önəmli, gəlmiş-keçmiş ən yaxşı futbolçularından olub. Avropada Rumıniyanı təmsil edən birinin ÇFR Kluja getməsi qabardılacaq bir şey deyil. Təklif gəlməsi normaldır. Hansı komanda olacağından asılı olmayaraq, ona uğurlar arzulayıram.