Elmar Baxşıyev: “Nəticə rahat oynamağa imkan verirdi”
14.08.2022 - 21:05
Elmar Baxşıyev: “Nəticə rahat oynamağa imkan verirdi”

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının II turunda “Şamaxı” üzərində 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis matçın ardından “CBC Sport” telekanalına açıqlamasında komandasından razılıq bildirib: “Birinci hissəyə yaxşı başladıq. Hücumlarımızın ardını da gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünürəm. Nəticə də daha rahat oynamağa imkan verirdi. Komandanın matça yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Matçda hər futbolçu öz emosiyasını göstərə bilər. Görüşün ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər. Bu, komandanın maksimumu deyil. Meydana sonradan daxil olan Omar Hani, Ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir. Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük”.

Qeyd edək ki, ilk iki turda aktivinə 6 xal yazdıran “Qəbələ” III turda “Kəpəz”in (21 avqust) qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0