“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib:
- “Qarabağ” hazırlıqlarını davam etdirir. Gözləntilər odur ki, komanda yenə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səncə, ötən mövsüm göstərilən performans buna inanmağa əsas verir?
- "Qarabağ"dan gözləntilərimiz həmişə yüksək olub. Onlar bunu özləri qazanıb. Daim özlərini sübut ediblər və qazandıqları nəticələri hər zaman yaxşı olub. Bu mövsüm də onlara uğurlar arzulayıram. Ümid edirəm, qarşılarına qoyduqları məqsədə çatarlar, qrup mərhələsinə vəsiqəni qazanarlar. Onların buna gücü çatar.
- “Qarabağ” Andrey Lunyovu yola saldı, əvəzinə “İnqolşdatd”dan qolkiper transfer etdi - Buntiç. Qapı xətti ilə bağlı fikrin necədir?
- Futboldur da, futbolçu bir sezon bir komandada ola, digər sezonda başqa kluba keçə bilər. İnanıram ki, yeni qapıçısı "Qarabağ" üçün düşərli olacaq. Fikrimcə, qapı əmin əllərdədir. Bunyiç də yaxşı qolkiperə oxşayır, özünü daha yaxşı tərəfdən göstərəcək.
- Bəs, Musa Qurbanlının qayıdışı hücum xəttini nə dərəcədə gücləndirəcək?
- "Qarabağ"a hücumçu da lazımdır. Musa bu komandada əvvəllər oynayıb, komandanın hər bir detalını bilir. "Qarabağ" ÇL-in və ya AL-in qrupuna düşsə, hər iki cəbhədə mübarizə aparanda oyunçu sayı da çox olmalıdır. Həm çempionatda, həm də avrokubok matçlarında da oyunçu az olmamalıdır. Musa da komandaya yetərincə kömək edəcək.
- Səncə, “Qarabağ” heyətinə yeni oyunçular cəlb etməyə davam edəcək?
- Hər zaman deyirəm ki, başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ın məşqçilər heyəti lazım bilərsə, yeni oyunçu transfer edəcəklər. Lazım bilməsələr, transfer etməyəcəklər. Buna ən yaxşı başda Qurban Qurbanov olmaqla, məşqçilər heyəti qərar verir.
- Daha çox Kadi Borgesin komandaya qaytarılacağı gözlənilirdi. Amma o, son anda “Ferentsvaroş”a yollandı. Kadinin qayıdışını gözləyirdin və inanırdın? Səncə, Kadi “Qarabağ”a nə verəcəkdi?
- İnanıram ki, "Qarabağ"da bütün ürəyi ilə oynamaq istəyən oyunçu elə bu komandanı seçərdi. Düzdür, bunun ətrafında çox söz-söhbət getdi. Uzun müddətdir ki, Kadinin qayıdışı gözlənilirdi. Şəxsi fikrim belədir ki, bir futbolçu hansısa klubda ürəkdən oynamağı istəmirsə, heç ora gəlməyi də məsləhət deyil. "Qarabağ"da da məşqçilər heyəti sırf buna da diqqət edir. Çünki "Qarabağ" ailəsinə gələrsə, sevərək, istəyərək gəlməlidir. Hardasa narazılıq varsa, ora gəlməsi də məsləhət deyil.
- Bəs, “Qarabağ”ın Kadi üçün “Ferentsvaroş” mübarizəsini uduzması barədə fikrin necədir? Klub rəsmisi burada “Krasnodar”ın baxış bucağının rol oynadığını deyib. Səncə, “Krasnodar” Kadini “Qarabağ”a satmaq istəməyib ?
- Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə, “Qarabağ”a yox, ora gedib.
- Bu gün "Qarabağ"ın iki potensial rəqibi - Hamrun (Malta) və "Linkoln"(Cəbəllütariq) meydana çıxacaq. Səncə, onlardan hansı "Qarabağ" üçün rəqib olsa yaxşıdır? "Linkoln" ötən mövsüm hər iki matçda "Qarabağ"a uduzmuşdu...
- "Qarabağ"ın avrokuboklarda böyük təcrübəsi var. Hətta deyərdim ki, Avropada böyük üstünlüyü var. Bu da boş yerə deyil. "Qarabağ" reytinq cədvəlində də 14 pillə irəliləyib. "Yuventus", "Mançester Yunayted"i də arxada qoyub. Doğrudur, avrokuboklarda və ümumiyyətlə, sezonda ilk rəsmi oyunlar hər zaman çətin olur. Buna baxmayaraq, əminəm ki, iki rəqibdən hansı "Qarabağ"ın rəqibi olsa, mərhələni təmsilçimiz keçəcək. Hər bir oyun çətindir, asan matç yoxdur. Xüsusilə də, ilk matçlar çətin, ağırdır. "Qarabağ"a uğurlar arzulayıram. Allah qoysa, qarşılarına qoyulan məqsədə çatarlar və bütün futbol ictimaiyyətini də sevindirərlər. Başda məşqçilər korpusu olmaqla, "Qarabağ"a uğurlar arzulayıram.