Emin Mahmudov: “Ancaq bu haqda düşünürük”
18.08.2023 - 11:22
Emin Mahmudov: “Ancaq bu haqda düşünürük”

"Neftçi"nin kapitanı Emin Mahmudovun apasport.az saytına müsahibəsi

- İkinci görüşdə də, uduzdunuz. Qarşılaşma haqda fikriniz necədir? 
- Birinci yarıda yaxşı müdafiə olunurduq. Əks-hücuma çıxmağa imkan axtarırdıq. "Beşiktaş" keyfiyyətli oyunçulara sahibdir. Fasilədən sonra Vinsent Abubakar meydana daxil olandan sonra çətinliklər yaşadıq. Düzü, ikinci yarıda yorulduq, gücümüz çatmadı. Əks-hücumlara istədiyimiz kimi çıxa bilmirdik, rəqib də təzyiq edirdi. Abubakarın bərabərlik qolundan sonra daha çox çətin idi. 

- "Beşiktaş"a baxımlı qol vurdunuz. Həmin qol haqda nə deyərdiniz? 
- Aaron Olanare məni gözlədi, ötürmə verdi. Cərimə meydançasına girərək zərbə vurmaq üçün yer tapdım. Düzü, elə bildim Günok dəf etdi, sonra gördüm ki, qoldur. Yaxşı zərbə alındı.

- Adrian Mutu tez-tez ağır qrafikdən, bir də komandanın tam yaxşı hazırlıq keçə bilməməsindən şikayətlənir. Bu məqamlar komandaya nə dərəcədə təsir göstərir?
- Əlbəttə ki, təsiri çoxdur. Yaxşı və tam formada olmaq istəyirdiksə, hazırlıq dönəmi bizim üçün çox vacib idi. Ardıcıl matçlara çıxdıq, səfərlərə getdik-gəldik. "Kəpəz"lə matç üçün Gəncəyə yollanmışdıq. Orada 40 dərəcədə futbol oynamaq isə, nə dərəcədə düzgün idi, bilmirəm. Lakin oynadıq, qayıtdıq Bakıya. “Beşiktaş”a qarşı 100 faiz hazır olmasan, çətindir oynamaq. Axı bu komandanın keyfiyyətli, səviyyəli oyunçuları var. 

- Bu mövsüm altı rəsmi matçdan cəmi birini qazanmağınız təzyiq yaradır? 
- Düzü, bizim üçün çox pis nəticədir.  “Kəpəz” və “Səbail”ə də qalib gələ bilmədik. Qalibiyyətlər əldə etməliyik. Çünki çox çətin olacaq. Çempionat uzun marafondur. İndi ona köklənməliyik. Allah qoysa, qələbələr əldə edərik. 

- Yeni transferlər barədə fikriniz necədir? 
- Açığı, nə qədər yaxşı transfer gəlsə, bir o qədər bizim xeyrimizədir. Kollektivdə rəqabət olacaq. Hər futbolçu hiss etsə ki, onun yerində daha bir futbolçu var, onda lap çox çalışacaq. 

- Adrian Mutunun komandaya təsiri necədir?
- Düzü, indi ancaq oyunlar oynayıb, bərpa olunuruq. Məşq çox alınmır. Bu mənada, vaxt olmur ki, istədiyi futbolu məşqin gedişində bizə başa salsın. Düzdür, o, nə istədiyini deyir. Lakin bunu işləmək üçün vaxt az olur. Amma artıq həftədə bir matç keçirəcəyik. Bu da bizə bir tərəfdən xeyir verəcək, məşqə vaxtımız daha çox olacaq.

- Həm Mutu, həm də siz toplanışa gec qoşuldunuz. Daha tez  qoşulsaydız, “Beşiktaş”a qarşı  nəticə fərqli ola bilərdi? 
- Məncə, istənilən halda çətin olardı. Deməyim ki, çempionat oyunları oynamasaydıq, İstanbulda rahat qələbə qazanardıq, keçərdik. Belə deyil. Lakin hər halda, gücümüz çox olardı. “Beşiktaş”ın vurduğu birinci qolda zamanı daha sıx, daha bir-birimizə yaxın oynayardıq. Artıq oyun geridə qaldı. 

- Bundan sonra bütün diqqətinizi daxili çempionata yönəldəcəksiz...
- Bəli, ancaq bu haqda düşünürük. Sanki bizim üçün bir dövr geridə qaldı. Hardasa "Beşiktaş"la düşməklə də, bəxtimiz gətirməmişdi. Hər halda, oynadıq, belə alındı. Daxili çempionatda qələbələr haqda düşünəcəyik, qalibiyyətlər lazımdır.
 

writer photo
Əlirza Əlirzalı
0