Emin Mahmudov: "Sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm” - MÜSAHİBƏ
16.12.2022 - 16:59
Emin Mahmudov: "Sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm” - MÜSAHİBƏ

"Neftçi"nin kapitanı Emin Mahmudov "Turan Tovuz"la oyundan sonra müsahibə verib.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Tovuza ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşılaşma barədə nə deyə bilərsən? Oyunla nəticə fərqli oldu...
- Görüş barədə çox danışmağa ehtiyac yoxdur. Çünki oyunumuz o qədər də yaxşı alınmadı. Rəqibə imkan verirdik ki, qol vəziyyətləri yaratsın. Şükürlər olsun ki, 3 xal qazandıq. Qarşılaşma ilə bağlı ən yaxşı məqam budu.

- Qarşıda sizi Azərbaycan kubokunda "Zirə" ilə çətin oyun gözləyir...
- Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Çünki növbəti mərhələyə adlamaq istəyirik. Çətin olacaq. Çünki yaxşı komandaya qarşı oynayacağıq. Amma mütləq qələbə qazanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, onları keçək.

- Son iki ildə kubokda "Zirə"yə qol da vura bilmirsiz. Bu, sizdə psixoloji gərginlik yaratmır?
- Hər oyun fərqli olur. İndi tam başqa məqamdır. Çalışacağıq ki, qol vuraq. Ümumiyyətlə, mərhələni keçmək istəyirik.

- Mətbuat konfransında baş məşqçi bu suala cavab verdi. Amma sənin də fikrini bilmək maraqlı olar: adın Krayova "Universitatya"sı ilə yanaşı hallanır.
- Baş məşqçi nə dedi ki? (gülür)

- Dedi ki, "sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm...
- Elə mən də belə düşünürəm. Ümumiyyətlə, bu məsələdən xəbərim yoxdur.

- "Qarabağ"la oyundan sonra yaşananlarla bağlı danışmağını istərdik. Azarkeşlərdən incimisən?
- Yox. Heç bir problem yoxdur. Bu barədə fikirləşmirəm. Mənim üçün başqa şeylər maraqlıdır. Qarşımızda hədəflər var. Kubokda "Zirə"ni keçməliyik. Son turun oyunu var. İncimək vaxtı deyil.

- "Neftçi" ilə müqavilənin müddəti bitmək üzrədir. Yazırlar ki, yeni təklif olub. Həqiqətən belədir? Ümumiyyətlə, yeni müqavilə bağlamaq istəyirsən? Karyeranı "Neftçi"də bitirməyi düşünürsən?
- Açığı, bu haqda nəsə düşünmürəm. Gözləyirəm ki, qarşıdakı oyunları bitirək.

- Qış tətili haqda düşünmüsən? Bayramı Azərbaycanda keçirəcəksən, yoxsa Rusiyada?
- Bu barədə düşünməmişəm. Hər yerdə ola bilər. Qarşıda oyunlarımız var. Yeni il barədə düşünməmişəm. Buna hələ vaxt var.

- İlk dəfə idi ki, Tovuzda oynayırdın. Ab-hava necə idi?
- Əla ab-hava var. Çox yaxşı idi. Sevinirəm ki, bölgə klublarımız çempionata buraxıldı. Ümid edirəm ki, başqa şəhərlərimizin təmsilçiləri də çempionatda iştirak edər. Belə olanda oyunlar maraqlı keçir.

- Örtüyün süni olması sizə problem yaratdı?
- Hə. Amma mənə o qədər də fərq etmir. Çünki 10 mövsüm süni örtükdə oynamışam.

- Ötən mövsüm ilin ən yaxşı futbolçusu seçildin. Bu il kim olacaq?
- Bilmirəm. Ramil Şeydayev çox yaxşı mövsüm keçirir. Maraqlı olacaq. Gözləyək, görək kimi seçəcəklər (fanat.az).
 

writer photo
Əlirza Əlirzalı
0