Əmrah Çəlikəl: "İsveçdə erməni təxribatı..."
05.10.2023 - 21:26
Əmrah Çəlikəl: "İsveçdə erməni təxribatı..."

"Təxribatla bağlı gözlənti həmişə var. İsveçdəsənsə, buna hazır olmalısan. Öz tərəfimizdən nə etmək lazımdırsa, əlimizdən gələnin hamısını etmişik ki, bunun qarşısını alaq". Apasport.az sport24.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Məlumdu ki, "süvarilər" Avropa Liqasının qrup mərhələsində ilk səfər matçını bu gecə İsveçdə yerli "Hakken"lə keçirəcək. Klub rəsmisi Höteborqda "Ullevi" stadionunda mümkün erməni təxribatıyla bağlı İsveç polisini məlumatlandırdıqlarını diqqətimizə çatdırıb: "Bundan əlavə, rəqib komanda, matçın UEFA nümayəndəsi məlumatlandırılıb. Oyun öncəsi keçirilən rəsmi iclasda da bu haqda danışılıb. Yəni, təxribatın qarşısını almaq üçün klubun öhdəliyində nə varsa, bunu edir. Ancaq burda əsas iş polis və stadion əməkdaşlarının üzərinə düşür. Onlar da istəməzlər ki, bu cür problem olsun. Bütün qarşılaşmalarda bu işlər görülür ki, mümkün təxribat xarakterli heç bir təxribat olmasın. Bu, həm oyun öncəsi, həm də oyun sonrasına aiddi. Bu yöndə biz tərəfdən lazımı tədbirlər görülür. Amma bu, o demək deyil ki, etdiklərimiz rəsmi mənada onların qarşısını ala bilər. Nə yaxşı ki, belə bir halla üzləşməmişik. Bu gün də olmamağı üçün hər kəs əlindən gələni edir. Olsa belə, meydandakı oyunumuzla lazım olan cavabı həmişə vermişik. İnşallah, bu gün də eynisi olacaq".

Xatırladaq ki, "Hakken" - "Qarabağ" matçı Bakı vaxtilə saat 23:00-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0