"Hamımız məyusluq içindəyik".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.
Klub rəsmisi Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya məğlubiyyətə üzüldüklərini söyləyib: "Qarabağ"ı Çempionlar Liqasında görmək istəyirdik. Ancaq olmadı. Buna rəğmən Avropa Liqasında uğurlu çıxış etməyə çalışacağıq".
O, dünənki matçda səhvə yol verən qapıçı Şahruddin Məhəmmədəliyevi daim dəstəkləyəcəklərini söyləyib: "Onun zədələrdən sonra sağalmaq üçün necə çalışdığını görən insan kimi deməliyəm ki, komandanın uğurlarında Şahruddinin böyük əməyi var. Onu tanıdığım üçün fəxr edirəm. Məncə, Azərbaycan da onunla fəxr etməlidir".
Direktor yeni transfer məsələsində bütün işlər baş məşqçi Qurban Qurbanovun istəyinə uyğun atılacağını söyləyib: "Qurban müəllim necə istəyibsə, elə də olacaq. Rəhbərlik sonuna qədər baş məşqçinin və futbolçuların arxasındadır. Bizim gücümüz birliyimizdir".
Çəlikəl AFFA-nın onlara Müşahidə Şurası yaratmaq təklifi etdiyini söyləyib: "Bəli, təklif olub. Ancaq biz öz strategiyamızdan razıyıq".