“Ferensvaroş”un kapitanı: “Qarabağ” hücuma çıxanda onu dayandırmaq çətindir” - MÜSAHİBƏ
06.08.2022 - 14:00
“Ferensvaroş”un kapitanı: “Qarabağ” hücuma çıxanda onu dayandırmaq çətindir” - MÜSAHİBƏ

“Ferensvaroş”un vitse-kapitanı Endre Botka Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la 1:1 hesabı ilə bərabərə qaldıqları ilk oyunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, Macarıstan mətbuatına müsahibə verən 28 yaşlı sağ cinah müdafiəçisi həmçinin avqustun 9-da öz meydanlarında baş tutacaq cavab qarşılaşması ilə bağlı hədəflərindən də bəhs edib.

- “Qarabağ”la Bakıdakı oyundan sonra deyəsən bədəninizdə ağrı hiss etmişdiniz...
- Bir neçə təpik və yumruq zərbələri aldım. Amma matç zamanı çox ağrı hiss etmədim. Amma görüşdən sonra gah topuğum, gah da başım ağrıyırdı. Ancaq problem yoxdur, bu, mübarizənin bir hissəsidir. Hamı qalib gəlmək istəyirdi.

- Kənardan baxanda 90 dəqiqəlik döyüşə oxşayırdı. Bu görüş əvvəlkilərdən daha yüksək intensivlikdə keçdi?
- Artıq son 10 dəqiqədə özümdə yorğunluq hiss etdim. O vaxta qədər tam gücümlə oynamağa hazır idim. İntizamlı şəkildə irəli, dərhal da geriyə çox qaçmalı idim. Daim yüksək tempdə oynamalıydım və bir an belə diqqətimi yayındıra bilməzdim. Bu da insanın gücünü alır. Görüşdən sonra paltardəyişmə otağında özümü çox yorğun hiss etdim. Sonra da evə döndük. Ancaq çox yatan adam olmadığım üçün səhər saat 9-da oyandım. Matçdan sonra dincəlmək çətindir. Ancaq axşam tez yatdım və günorta oğlumla dincəlmək üçün uzandım. İndi yaxşıyam.

- “Qarabağ”ın hücumlarını dəf etmək çətin idi, yoxsa onlardan daha yaxşısını gözləyirdiniz?
- Onların, həqiqətən də, sürəti var idi. Bütün görüş ərzində top daha çox sol cinahımızda idi. Müdafiənin sağında daha az iş var idi. Bu üzdən onlarla o qədər də çox qarşılaşmadım. Ancaq yenə də hiss edirsən ki, hücuma çıxdıqları zaman rəqibi dayandırmaq çətindir. “Qarabağ” hücumda çox yaxşı komandadır. Amma bunun öhdəsindən gəlmək, onları dayandırmaq olar.

- “Qarabağ”ın ən zəif nöqtəsi müdafiə xəttidir?
- Mən belə deməzdim. Düzü, müdafiədə intizamsız olacaqlarını və bizə boşluq verəcəklərini gözləyirdik. Lakin çox yaxşı qapandılar, müdafiələri yaxşı işlədi. Təəssüf ki, yarımmüdafiədə və müdafiədə buraxdığımız səhvlər oyunumuza mənfi təsir edirdi.

- Düşünmürsünüz ki, rəqibin qoluna mane olmaq mümkün idi?
- Bunun üçün qol epizodunda geri sürətli dönməli idik. Qazandıqları cərimə zərbəsi zamanı qapımıza yaxın idilər. Zərbə anında top qapıçımız Denes Dibuşa dəyərək qayıtdı və dönən topdan yararlandılar. Tez-tez uzaqdan cəhd edəcəklərini bilirdik. Buna hazır idik.

- “Qarabağ”dan daha çox şey gözləyirdiniz?
- Dolu tribunalar önündə oynadıq, azarkeşlər onları daim alqışlayırdılar. Şərait də əlverişli deyildi. Hesabı açanda hamımız rahatlaşdıq, daha sərbəst oynamağa başladıq. Ancaq fasilə ərəfəsində hesabı bərabərləşdirmələrinə təəssüf edə bilərik. Yenə də konsentrasiyalı futbol oynadıq. Səfər matçında ağıllı, sakit çıxış etməyin fərqində idik.

- “Qrupama Arena”da uğur qazanmaq üçün nə lazımdır?
- Evdə də sona qədər döyüşməliyik. “Qarabağ” yaxşı komandadır, bunu da Bakıda gördük. Ancaq doğma azarkeşlərimiz önündə qələbə qazanmağı bacarırıq. Əlbəttə ki, bunun üçün çox çalışmalıyıq. Ola bilsin ki, cavab qarşılaşmasında müdafiəyə çox qapanmayacaqlar. Onların səhvlərindən yararlana bilərik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqədir. Bu üzdən öz meydanımızda qalib gəlməliyik.

- İlk oyundakı nəticəni uğurlu hesab etmək olar?
- Pis nəticə deyil. Təbii ki, cavab matçına qələbə qazanaraq hazırlaşmaq daha gözəl olardı. Yenə də taleyimiz öz əlimizdədir. “Slovan” və “Tobol”a qarşı olduğu kimi, “Qarabağ”la matçda da özümüz qərar verməliyik.

writer photo
Əlirza Əlirzalı
0