Birinci Divizionda çıxış edən “Zaqatala” ilə “Music Gallery” arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Fevralın 12-si Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “Zaqatala” futbol klubu və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Məsələ ilə bağlı FİF-in icraçı direktoru Tural Piriyev apasport.az-a açıqlama verib.
O söyləyib ki, müqavilə çərçivəsində sponsora müəyyən imtiyazlar veriləcək: "Həmçinin komandanın oyun formasının üzərində “Music Gallery” loqosu olacaq. Bununla yanaşı, bir çox reklam hüquqları da veriləcək".
FİF rəsmisi “Zaqatala” və “Music Gallery” arasında olan sponsorluq müqaviləsini klubun tək maliyyə dəstəyi kimi görmədiyini bildirib: "Ümumiyyətlə, bizim planımız komandanı daha dayanıqlı və öz ayağı üzərində dayana bilən kluba çevirməkdir. “AGA Group” rəhbərliyinin bu sahədə olan təcrübəsindən istifadə edərək klubu dayanıqlı bir biznes strukturuna çevirmək istəyirik. Ona görə də, klubun hazırda inkişaf strategiyası üzərində iş gedir. Bu müqavilə ancaq maliyyə və reklam məsələləri ilə bağlı deyil. Sponsor klubun uzunmmüdətli inkişaf prosesində də iştirak edəcək".
Qeyd edək ki, Fond Zaqatala PFK-ya bir çox sahədə dəstək olur. Bu il üçün qarşıya qoyulan əsas məqsədlər klubun dayanıqlı inkişaf strategiyasının hazırlanması, gəlirlərin diversifikasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsidir. Gəlirlərin diversifikasiyası ilə əlaqədar hazırda "Biznes klub" layihəsi tətbiq olunur və oyun günü gəlirlərinin artırılması yönündə işlər aparılır.