“Sabah”ın sabiq futbolçusu, Serbiyanın “Radniçki” klubunun kapitanı Filip İvanoviçin apasport.az saytına müsahibəsi
- Radniçki mövsümün əsas hissəsini yeddinci pillədə başa vurdu. Məqsədinizə çata bildiniz?
- Bəli, mövsümün standart hissəsi başa çatdı. Pley-off mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdıq. Hansı ki, avrokuboklar uğrunda mübarizə aparacağıq. Ümidvaram ki, istədiyimiz nəticəni qazanıb avrokuboklara yollanacağıq. Qarşıda bizi hələ yeddi oyun gözləyir. Amma təbii ki, qarşıya qoyulan məqsədə çatdıq. Çempionatın 8 ən yaxşı komandası siyahısına düşdük.
- Yayda “Radniçki”də qalacaqsan, yoxsa geri qayıtmaq, Azərbaycanda yenidən oynamaq istəyirsən?
- Klubumla müqaviləm mövsümün sonuna qədər davam edəcək. Məni uzun müddət saxlamaq istəyirlər. Geri qayıtmağa gəldikdə, bilmirəm, bu nə dərəcədə realdır. Hələ ki, heç bir klubun təklifinə baxmıram. Çünki mövsüm davam edir. Lakin hazırda Azərbaycanda oynayacağım yeganə klub “Sabah”dır. Bu klub mənim üçün doğmadır.
- Vaxtı ilə kapitanı olduğun "Sabah" hesabat turunda "Qarabağ"a qalib gəldi. Komanda avrokuboklara vəsiqə qazandı. Böyük ehtimalla mövsümü gümüş medalla başa vuracaq. "Sabah"ın bu cür performansını necə dəyərləndirirsən?
- Bəli, “Sabah”ın “Qarabağ”a qarşı keçirdiyi oyunu izlədim. “Sabah”ı “Qarabağ” üzərində qazandığı tarixi qələbə və avrokuboklara vəsiqə qazanması münasibətilə təbrik edirəm. Onlar üçün fantastik mövsüm keçdi. İkinci yer böyük uğurdur. Dəfələrlə qeyd etmişəm ki, “Sabah” gənc klubdur, bütün bunlar bir prosesdir, zaman alır. Amma onların nə vaxtsa ölkə çempionu olacağına bir an belə şübhə etmirəm.
-"Sabah"ın qısa zamanda bu qədər irəliləyəcəyini, inkişaf edib uğurlu nəticə qazanacağını ehtimal edirdin? Səncə, onlar bunu necə əldə etdi?
- Bunu gözləyirdim. Mənim üçün gözlənilməz deyil. Çünki klub Premyer Liqaya gəldikdən sonra bu komandada olduğum üç ildə bütün sahələrdə irəliləyiş əldə etdi. Yaxşı baş məşqçi gətirdilər, ona tam inam göstərildi, işin davamlılığı var idi. Nəticələr və hər şeydən əvvəl gözəl və cəlbedici oyun gəldi.
- Yəqin ki, sənin üçün də "Sabah"ı avrokuboklarda görmək maraqlı və həyəcanverici olacaq. Səncə, "Sabah" beynəlxalq arena uğur qazana bilər?
- Bu mövsüm “Sabah” avrokuboklarda olmağa layiq idi. Reytinq də onun keyfiyyətinin olduğunu göstərir. Futbol gözlənilməz oyundur, amma hər zaman daha güclü komandaları məğlub etmək şansın var. Sadəcə, inanmaq lazımdır. Qalan hər şey olacaq.
- "Sabah"ın bəxtinə Serbiya klubu düşsə, kimə azarkeşlik edəcəksən?
- Təbii ki, “Sabah”ımla birlikdə olacam. İstəyirəm ki, dostlarım bunu Avropada bacardıqca irəli aparsınlar. “Sabah”a ancaq uğurlar arzu edirəm. Onların uğuru məni çox sevindirir.