Filip Ozobiç: “Hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm” - MÜSAHİBƏ
25.08.2022 - 10:00
Filip Ozobiç: “Hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm” - MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra Xorvatiya mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Plzendəki görüşdə ağdamlıların yeganə qolunun müəllifi olan milliləşdirilmiş futbolçu bu yenilgiyə layiq olmadıqlarını bildirib.

- Plzendə vurduğunuz qol Çempionlar Liqasının qrupuna düşməyiniz üçün kifayət etmədi. Statistikaya görə, “Viktoriya” ilə hər iki matçda üstün tərəf siz olmusunuz. Meydanda da belə idi?
- Bəli, hesab edirəm ki, daha yaxşı komanda mübarizədən kənarda qaldı. Ancaq “Viktoriya”nı təbrik etməliyəm. Onların layiq olmadıqlarını demək olmaz. Düşünürəm ki, hər iki matçda daha yaxşı tərəf biz idik. Çempionlar Liqasının qrupuna adlamaq şansından yararlana bilmədiyimiz üçün təəssüflənirəm.

- Avropa Liqasının qrup mərhələsində çıxış edəcəksiniz. Bu turnirlə bağlı hədəfləriniz nələrdir?
- “Qarabağ”ın təsnifat mərhələlərində “Lex”, “Sürix”, “Ferensvaroş” kimi ölkələrinin çempionlarını sıradan çıxarması təsadüf deyildi. “Qarabağ” uzun müddətdir avrokubokların daimi iştirakçısıdır. Ötən mövsüm Konfrans Liqasının qrupundan çıxdıq. Ümid edirik və inanırıq ki, bunu Avropa Liqasında da təkrarlaya bilərik.

- “Qarabağ”ın futbolçuları kifayət qədər tanınmasa da, olduqca keyfiyyətlidirlər. Komandanın və Azərbaycan çempionatının gücünü necə qiymətləndirərdiniz?
- İnsanlar burada olan futbolçular barədə az məlumata sahibdirlər. Həm yerli, həm də əcnəbi oyunçular çox yaxşıdır. Belə nəticələr təsadüf deyil, çünki “Qarabağ” illərdir müntəzəm avrokubokların qrup mərhələsində yer alır. Ölkə çempionatına gəlincə, Xorvatiya yüksək liqası səviyyəsində deyil, amma “Qarabağ”, “Neftçi”, “Sabah” var... Həqiqətən də, zəif olmayan bir neçə klub var.

- Ötən ildən Azərbaycan millisində də çıxış edirsiniz. Necə oldu ki, bu yığmanı seçdiniz?
- Gördüm ki, Xorvatiya millisində oynamaq şansım yoxdur, ona görə də 5 il burada keçirdikdən sonra Azərbaycan yığmasında çıxış etmək qərarına gəldim. Yığmada tək əcnəbi mən deyiləm, braziliyalı Riçard Almeyda da var.

- Milliləşmə AFFA-nın strategiyasıdır?
- AFFA beş il burada yaşayan əcnəbi futbolçunun Azərbaycan millisinə kömək edə biləcəyini düşünərsə, uğurlu nəticə üçün ona vətəndaşlıq təklif edir. Fikrimcə, Azərbaycan yığmasını seçdiyim zaman azarkeşlər də buna sevindilər.

- Azərbaycanda həyat necədir, dili bilirsiniz?
- Burada çoxları kimi, mən də rus dilində danışıram. Ona görə də ünsiyyətdə problemim yoxdur. Bakıya gəlincə, bura müasir şəhərdir, hər şey yeni tikilib. Yaşamaq üçün çox xoş şəhərdir. Hər kəsə imkan düşsə, Bakıya gəlməyi tövsiyə edirəm.

writer photo
Əlirza Əlirzalı
0