Hüseyn Məhəmmədov: "Avstriyadan rahat şəkildə xal götürəcəyik" - MÜSAHİBƏ
15.10.2023 - 14:34
Hüseyn Məhəmmədov: "Avstriyadan rahat şəkildə xal götürəcəyik"  - MÜSAHİBƏ

"Belə düşünmək düzgün deyil, əlbəttə ki, De Byazinin də Estoniya üzərində qazanılan qələbədə payı var"

Azərbaycan millisinin sabiq qapıçısı, futbol məşqçisi Hüseyn Məhəmmədov Apasport.az saytına müsahibə verib. 

- Azərbaycan millisi Estoniya üzərində qələbə qazandı. Qələbəni ehtimal edirdiniz? 
- Əlbəttə ki, millimizdən qələbə gözləyirdim. Legioner həyatı yaşayan futbolçularımız çoxdur. Bu da sevindiricidir. Uzun illərdir ki, millidə legioner həyatı yaşayanlar az idi. Ancaq indi daha çoxdur, özü də, klublarında oynayırlar. Estoniyaya qarşı Bakıda və Tallində keçirdiyimiz oyun arasında böyük fərq var. Bakıda da istəkli idilər. Amma alınammışdı. Tallində də futbolçularımız çox istəkli, inamlı təsir bağışladılar. Qələbəyə layiq idilər. Oyundan əvvəl hiss edirdim ki, millimiz qalib gələcək. Millimiz oyundan-oyuna daha inamlı görünür. Gələcəkdə daha yaxşı olacaqlar.

- Estoniyaya qarşı daha çox hansı futbolçunun çıxışını bəyəndiniz?
- Heç kimi ayırmaq olmaz. Amma Şahruddin Məhəmmədəliyevin performansı çox yaxşı idi. “Adana Dəmirspor”a keçib, Superliqada iştirak etmək, oranın ab-havası, təzyiqi istər-istəməz fərqlidir. Estoniya ilə matçda Şahruddin əla çıxış etdi. Həmkarımdır. Düşünməyəsiz ki, onu tərifləyirəm. Sadəcə həqiqətən tərifəlayiq qapıçıdır. “Adana Dəmirspor”da olması gələcək oyunlarına təsir edəcək.

- Tallindəki qələbədə Canni De Byazinin payı nə qədər idi? Çoxları düşünür ki, italiyalının işi görünmür..
-  Belə düşünmək düzgün deyil. Əlbəttə, baş məşqçinin əməyi var. Olmasa, mümkün deyil. Komandanı hazırlayan, oyuna kökləyən baş məşqçidir. Futbolçu elə milliyə gəlib, dərhal futbol oynayıb getmir ki. Toplanış keçir, taktiki hazırlıqlar var, baş məşqçinin planı əsasında həyata keçirilən göstərilşər olur. Ona görə də, bu cür yanaşma düzgün deyil. Baş məşqçi varsa, gördüyü iş, əmək danılmazdır. Canni De Byazinin Estoniya üzərində qazanılan qələbədə payı var. Doğrudur, futbolçular və bütün kollektivin də əməyi oldu.

- Qrupdakı son qələbəmiz idi, yoxsa yenə qələbələr olacaq bu tsikldə?
- Məncə, yenə qalib gəlmək olar, niyə də olmasın? Uşaqların motivasiyaları yüksəkdir, səfərdə qalib gəliblər. Avstriya ilə matçda da qələbə qazana bilərik. Məncə, niyə də olmasın? Olmalıdır. İnanmıram ki, komandamız gələcək üçün zəif oyunlar oynasın. Allah qoysa, daha yaxşı təsir bağışlayacaqlar.

- Avstriyadan Bakıda xal alacağımıza inanırsan?
- Estoniyada mübariz, istəkli oyun sərgilədik. Ordakı motivasiyanı burada da davam etdirəcəklər. Tallindəki istəyi burada göstərsək, Avstriyadan rahat şəkildə xal götürəcəyik.

- Tsiklin sonunda Canni De Byazi postundan getməlidir. Estoniya üzərindəki qələbədən sonra onunla yola davam etmək qərarı alınmazki?
- Canni De Byazinin qalıb-qalmamasına qərarı AFFA verir. Yəqin ki, rəhbərlik gələcəkdə oturub fikirləşəcəklər. De Byazinin qalıb-qalmamasına rəhbərlik qərar verəcək. Bu da tsiklin sonunda nəticələrə baxdıqdan sonra, həyata keçirilir.

writer photo
Əlirza Əlirzalı
0