"Neftçi" və "Turan Tovuz"un sabiq qolkiperi Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi
- “Neftçi” Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində ilk matçda “Turan Tovuz”a uduzubsa, onların şanslarının azaldığını demək olar?
- Doğrudur, ilk oyunda “Turan Tovuz” qalib gəlməyi bacardı. Sadəcə, kubok matçıdır, ikinci oyundan asılı olan məsələlər çoxdur. “Neftçi” üçün çox vacib oyun sayılır. Çünki Premyer Liqada çempionluğu əldən verdilər. Ən azından kuboku qazanmaq üçün bütün güclərini sərf edəcəklər. Düzdür, “Turan Tovuz” da sona qədər vuruşacaq. Onlar da ilk oyunda qazanılan vacib nəticəni qorumağa çalışacaqlar. Məncə, çox çətin, ağır oyun olacaq.
- Sizcə, tərəflər hansı futbola üstünlük verəcək?
- “Turan Tovuz” ilk oyunda qalib gəldiyinə görə, əks-hücum, qapalı futbol oynayacaq. Onlar qol buraxmamağa çalışacaq. Yəqin ki, Ayxan Abbasov bu taktikanı seçəcək. Çox güman ki, açıq futbol oynamazlar. Əks-hücumda mübarizə apararaq nəticə əldə etməyə çalışacaqlar. Hesab 0:0 olarsa, “Turan Tovuz” finala adlamış olacaq. Hər halda, qapalı oyuna üstünlük verməlidirlər.
- Ayxan Abbasovun komandasının çempionatdakı uğursuz seriyası onlara mənfi təsir edə bilər?
- Çempionatda neçə turdur qalib gələ bilməmələri motivasiyanı aşağı salır. İnamsızlıq yaranır. Hər halda, onlar da finala adlamağa özlərini hazırlayıblar. Yəqin bütün fikirlərini kuboka yönəldiblər. “Turan Tovuz” bütün fikrini kuboka yönəltsə belə, çempionatda ən azından bir neçə oyun udsaydı, daha motivasiyalı, daha istəkli olardılar, inam gələrdi. Yəqin ki, kubokda finala çıxmaq istəyirlər deyə, çempionatda işləri belə alınıb. Bunu tam dəqiq deyə bilmərəm. Ancaq böyük ehtimalla hər matça qələbə üçün çıxırlar. Çempionatda hər oyun gərgin mübarizə gedir. Onlar da nəticə qazanmaq istəyirsə, inamsızlığı aradan qaldırmaq lazımdır.
- Hər halda, son dövrlərdə “Turan Tovuz”dan narazı qalan azarkeşləri də var...
- Tovuzda hamı futbolu sevir, futbolla maraqlanırlar. Məğlub olmağı heç vaxt istəməyiblər. Bizim vaxtımızda “Turan” həmişə evdə qalib gəlirdi, səfərdə də həmçinin. Azarkeşlər bu komandanın nəticə verməsini istəyirlər. Çünki “Turan” çempionluq yaşayıb, həmişə iddialı, nəticə verən komanda olub. “Turan Tovuz” uğur qazansa, 100 faiz bütün tovuzlu futbolsevərlər birləşib, komandanı dəstəkləyəcək.
- “Neftçi” və “Turan Tovuz”un qapısını qorumusan. Hansı komandaya azarkeşlik edəcəksən?
- Hər iki komandada oynamışam, hər ikisini də sevirəm. Həm “Turan Tovuz”, həm də “Neftçi” mənim üçün önəmlidir. Ayrıseçkilik edə bilmərəm. “Neftçi” flaqmanımızdır, həmişə iddialıdır. “Turan” da zamanında çempionluq yaşayıb, nəticə verib. Onlar da nəticə istəyir. Bu mövsüm Premyer Liqaya qayıtsa da, azarkeşlərini sevindirmək niyyətindədir.