İdman jurnalistlərinin baş məşqçi namizədləri - Foqts, De Byazi kimi dağdan düşən yox...
22.11.2023 - 16:12
İdman jurnalistlərinin baş məşqçi namizədləri - Foqts, De Byazi kimi dağdan düşən yox...

Bu gün keçirilən İcraiyyə Komitəsinin fövqəladə iclasında yekun qərar olaraq Canni De Byazi ilə müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verildi.

Apasport.az olaraq qərara gəldik ki, idman jurnalistləri arasında "millinin baş məşqçisi postunda kimi görmək istəyirsiniz?" adlı sorğu keçirək. 

Sorğunu sizə təqdim edirik:


Ceyhun Əliyev (sport.24.az) : Qurban Qurbanov deyirəm.

Kənan Həsənov (report.az) : Hesab etmirəm ki, millinin problemi baş məşqçidir. Azərbaycan futbolunun əsas problemi uşaq futboludur. Azərbaycan futbolunda lider olacaq, söz sahibi olacaq futbolçular olmalıdır. Avropanın ortabab, yüksək səviyyəli klublarında oynaya biləcək oyunçular yetişməlidir. Yalnız bundan sonra yığmamız böyük turnirlərə iddia edə bilər. Bu olmadıqdan sonra məşqçi kim olur olsun, heç bir xeyri yoxdur. Azərbaycan yığmasında zamanla müxtəlif millətlərin nümayəndələri çalışıb, amma, heç bir nailiyyət qazanmayıb. Az-çox Robert Prosineçkini fərqləndirə bilərik. O da ki, hədəfin öhdəsindən gəlmədi. Millinin uğuru yüksək səviyyəli oyunçulardan keçir ki, bu olmasa mümkün deyil. Düşünürəm, yerli məşqçiyə güvənmək lazımdır. Çünki, əcnəbi məşqçiyə xərclənən pulun yarısına yerli çalışacaq. Əgər, əcnəbi 7 xalı toplayıbsa, yerli məşqçi də bunu bacarar. Yox, AFFA əcnəbi məşqçi gətirmək istəsə, onda türkiyəli məşqçi gəlsə yaxşı olar. Hamısını sınamışıq, bir də türkiyəli mütəxəssisi yoxlayaq.

Mahir Rüstəmli (football-plus.az) : Yalnız və yalnız Qurban Qurbanov deyirəm.

Anar Şabanoğlu (sports.az) : Sözsüz ki, ilk növbədə Qurban Qurbanov. Qurban müəllim alınmasa, Rəşad Sadıqov, Azər Bağırov, Ayxan Abbasov və ya Samir Abasov. 

Kənan Məstəliyev (rekord.az) : Əcnəbi məşqçi olacaqsa, Murad Musayev olsun. 
Rus mütəxəssis barədə fikrim həmişə müsbət olub. Çempionatı tanıyır, hücum futbolu oynadır, mental olaraq bizə yaxındır. Yəni əcnəbiyə görə uzağa getmək lazım deyil. Yerli məşqçi olacaqsa, Rəşad Sadıqov olsun.

Ceyhun Rzayev (ATV) : Əcnəbi məşqçinin qəti əleyhinəyəm. Azərbaycan millisini azərbaycanlı məşqçi çalışdırsın. İstənilən yerli məşqçi tükənmiş De Byazidən daha yaxşı nəticə göstərər. Rəşad Sadıqov yaxşı namizəddir.

Elçin Cəlilov (futbolpress.az) : Qurban Qurbanov. Olmazsa, Rәşad Sadıqov. Başqa yerli mәşqçi namizәdim yoxdur hәlә...

Rəşad Qasımov (sport24.az) : Samir Abasovu düşünürəm.

Rüstəm Əfsərli (CBC sport) : Ad çəkməkdən daha asan bir şey yoxdur. Amma hər çəkilən ad-soyadın arxasında tutarlı məntiq dayanmalıdır. Lakin mütləq bir ad deməyim gözlənilirsə, Antonio Conte deyirəm. Üstəlik hazırda da işsizdir. 

Araz Əhmədov (sportfm.az) : Mən indiki dönəmdə iki mütəxəssisdən birinə - ya Tərlan Əhmədova, ya da Samir Abasova üstünlük verərdim.

Səbuhi Həsənov (qaynarinfo.az) : Xarici mütəxəssis gətirirsənsə, əlinin altında da yaxşı "material" olmalıdır. İlk növbədə Qurban Qurbanovu göstərərdim. Hərçənd, bir dəfə yığmamıza dəvət olunub, amma ona əcnəbi məşqçilər qədər şans verilməyib. Qurbanovla yanaşı, Samir Abasov,  Elmar Baxşıyev ola bilər. Güclü xarakterə malik Rəşad Sadıqova da güvənmək olar. Mahmud Qurbanov vaxtilə millimizdə məşqçilər korpusunda yer alıb, təcrübəsi var. Komandanı ona həvalə etmək pis fikir deyil. Yəni, istənilən yerli məşqçi gəlsə belə, onsuz da indi böyük xəyallardan, dünya və ya Avropa çempionatlarının final mərhələsindən danışmaq düzgün olmaz. Amma yerlilərə güvənmək lazımdır. Hər halda onlar millimizə əcnəbilər kimi başdansovdu yanaşmazlar, daha çox can yandırarlar.

Ürfan Məmmədli (İctimai TV) : Qurban Qurbanov, Samir Abasov, Rəşad Sadıqovdan birini görürəm.

İbrahim Cəfərov (futbolxeber.az) : Xaricdən məşqçi gətiriləcəksə, Foqts, De Byazi kimi dağdan düşən yox, Sxadadze, Qriqorçuk kimi dağa çıxan lazımdı. Yox, yerli məşqçi olacaqsa, Arif Əsədova şans vermək olar. Çünki, 3 ilə yaxındır millidədi, komandanın potensialına hamıdan yaxşı bələddir.

Səbuhi Musa (prosport.az) : Qurban Qurbanov, Rəşad Sadıqov. Ancaq əminəm ki, onların hər biri bu təklif olsa belə, bundan imtina edəcək. Bu baxımdan boşda olan məşqçilərdən ən uyğunu Tərlan Əhmədov adıdır.

Azər İsmayıl (ARB TV) : Seçimim yerli baş məşqçidir. Əcnəbi baş məşqçidə uğurlu ola bilmirik. Yaxud bizə düşən xarici məşqçilər uğurlu deyil. Rəşad Sadıqov, Samir Abasov, Ayxan Abbasov, Azər Bağırov, Adil Şükürov, Tərlan Əhmədovu düşünürəm.

Tahir Mirzə (İdman TV) : Perspektivli yerli mütəxəssis olsun. Ən yaxşı variant Tərlan Əhmədovdur. Rəşad Sadıqov variantı isə daha realdır.

İlkin Sultanlı (football-plus.az) :Yığma komandanı hədəfləri olan məşqçi çalışdırmalıdı. Mən də razıyam ki, seçim yerli mütəxəssislər arasından edilsin. Qurban Qurbanov əsas, Ayxan Abbasov isə ikinci namizədimdi. Lakin bu şəxslər yığmanı seçərək karyeralarını riskə atacaqlar. AFFA bu 2 namizəd arasından seçim edə bilər. Lakin, onlara vaxt verilməlidir.

Ruslan Mikayıllı (azerisport.com) : Namizədlər çox olmasa da aralarında Rəşad Sadıqovu fərqləndirərdim. Futbolçular arasında kifayət qədər nüfuzu var, bu da önəmli məsələlərdən biridir, bəlkə də elə birincisidir. 

Rəşad Ergün (komanda.az) : Milli komandanı yerli məşqçilərdən birinə tapşırmaq olar. Əsas odur ki, yalançı vədlər verməsin, işləməyə həvəsi olsun, hansı məsuliyyətin altına girdiyini anlasın. 
Rəşad Sadıqov, Tərlan Əhmədov, ya da Ayxan Abbasov ola bilər.

Emin Ağa (idman.biz) : Daha çox Arif Əsədovun gətirilməsinə üstünlük verirəm. Tərlan Əhmədov da yaxşı variantdır.
 

writer photo
Əlirza Əlirzalı
0