"İlk dəqiqələrdə vuracağımız qol "Dinamo"nu təşvişə salacaq"
27.08.2024 - 15:20
"İlk dəqiqələrdə vuracağımız qol "Dinamo"nu təşvişə salacaq"

"Qarabağ"ın sabiq futbolçusu və sabiq məşqçisi Nazim Əliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" sabah Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya qarşı cavab oyununa çıxacaq. Sizin bu oyunla bağlı fikriniz necədir?
- "Qarabağ"ın yaxşı komanda olduğunu hamımız bilirik. Bu komanda hər oyunda rəqibindən asılı olmayaraq, dəfələrlə qol epizodu yaradır. "Dinamo"nun güclü və təcrübəli komanda olduğunu da yaxşı bilirik. Amma istənilən halda, mən "Qarabağ"a çox inanıram. Hamımız da bilirik ki, bu komanda ilk oyundan sonra cavab görüşündə daha da effektiv və daha da yaxşı oynayır. 

- Maraqlı məqam odur ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzsa da, bu komandanın geridönüş edəcəyinə inananlar az deyil...
- Çünki ilk oyunda "Qarabağ" "Dinamo"dan üstün futbol nümayiş etdirdi. Qol epizodlarını da gördük. Məncə, həmin epizodlardan birini vursaydılar, hesab tamam fərqli olacaqdı. Hesab və oyun tamam fərqli mənzərələr idi. Çünki oyuna görə, "Qarabağ" səfərdə ən azından 2:1 qalib gəlməli idi. Hər halda, futbolda bu cür hallar olur. Qol epizodlarını vura bilməyəndə, rəqib də istifadə edirsə, təəssüf ki, vəziyyət bu yerə gəlib çatır. Lakin "Qarabağ"ın Bakıda həmin epizodlardan da daha çoxunu, daha yaxşılarını yaradacağına inanıram.

- "Qarabağ"ın mərhələ adlayacağına tam olaraq inanırsınız?
- Təbii ki, inanıram. Çünki "Qarabağ"ın göstərdiyi oyun bizə bunu deməyə əsas verir. Bakıdakı matçda da "Qarabağ" ilk dəqiqələrdən hücuma atılacaq. İlk dəqiqələrdə vurulacaq qol hər şeyi "Qarabağ"ın üstünlüyünə çevirəcək. Çünki ilk dəqiqələrdə vuracağımız qol "Dinamo"nu təşvişə salacaq, "Qarabağ"a böyük üstünlük verəcək. Çünki azarkeşlər də "Qarabağ"ın arxasında olacaq, qələbəyə aparacaq. İlk oyundakı hesaba baxmayaraq, "Qarabağ"ın cavab görüşündə lazımı nəticəni göstərəcəyinə inanıram.

- Bu sezon "Qarabağ" "Ludoqorets"ə 1:2 uduzsa da, səfərdə 7:2 qalib gəlməyi bacarmışdı. Hər halda, bunu bir dəfə etməkləri özlərinə də inam qazandırar...
- Elədir. Doğrudur, "Dinamo" "Ludoqorets"dən daha güclü və daha təcrübəlidir. Ancaq istənilən halda, "Qarabağ" geridönüş etməyi bacaran komandadır. Heyətdə səviyyəli futbolçular var. Qurban Qurbanov da rəqibi çox yaxşı analiz edə bilir, komandasını da çox yaxşı tanıyır. O, "Dinamo"ya qarşı komandasını yaxşı motivasiya edəcək. "Qarabağ"ın uğurlu çıxışına tam inanıram.

- Julio Romaonun öncə bu oyunda oynamayacağı bilinirdi, sonradan onun bu görüşdə oynamaq hüququnda olduğu bildirildi. UEFA-nın yeni qaydalarına əsasən o meydana çıxacaq...
- Təbii ki, bu çox sevindirici haldır. Əlbəttə, "Qarabağ"da kollektiv var və hər futbolçu digərini əvəz edir. İstənilən halda, Romao "Qarabağ" üçün aparıcı qüvvədir. Meydanın mərkəzində olması böyük üstünlükdür. Marko Yankoviçin də oynaması çox yaxşı olardı. Patrik Andrade də onu pis əvəzləmədi. Sadəcə bütün oyunçular sağlam olanda, baş məşqçi üçün də rotasiya və sonradan oyunu gücləndirmək baxımından işlər daha rahat olur. Ümid edirəm ki, "Qarabağ" "Dinamo"nu Bakıda lazımı hesabla məğlub edəcək və Çempionlar Liqasında qruplara qalacaq.

writer photo
Əlirza Əlirzalı
0