“Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün Avropa zonası üzrə əsas mərhələsinin püşkatma mərasimini dəyərləndirərkən deyib.
Braziliyalı mütəxəssis 6-cı qrupda yığmamıza rəqib olan Polşa və Yunanıstan barədə fikirlərini bölüşüb: “Yunanıstanla Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəldik, eləcə də “Araz-Naxçıvan” iki il əvvəl bu ölkənin klubuna qarşı oynayıb. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanmışdıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqda məlumatlıyıq. Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubunu çalışdırır, hansı ki, bu komanda millinin özəyini təşkil edir. Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir”.
Da Silva bildirib ki, yığmamız da digər komandalar üçün kifayət qədər güclü rəqibdir: “Əlbəttə, Azərbaycan millisi qitənin ən güclü, rəqibləri üçün çətin komandalarından biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub - elit-raunda yüksəlməliyik”.
Qeyd edək ki, sentyabrın 12-də start götürəcək DÇ-2024-ün əsas seçmə mərhələsində qrup qalibləri və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək.