Kazimi Qudiyev: "Vitali indi öz klubunda yaxşı oynamalıdır"
26.11.2024 - 16:55
Kazimi Qudiyev: "Vitali indi öz klubunda yaxşı oynamalıdır"

AFFA-nın “Fakel”in qolkiperi Vitali Qudiyevi Azərbaycan millisinə cəlb etmək istəməsi haqda xəbər vermişdik. Amma qolkiperin bu təklifdən imtina etdiyi və Rusiya yığmasında oynamaq istəyində olduğu bildirilir.

Vitalinin atası, vaxtilə Azərbaycan millisinin qapısını qorumuş və hazırda “Alaniya”da aşağı yaş qruplarından ibarət komandalarda məşqçi kimi çalışan Kazimi Qudiyev apasport.az saytına açıqlama verib. 52 yaşlı məşqçi oğlunun millimizdə oynamaq şanslarından söz açıb:

“Azərbaycan millisi? Bilirsiz, bu haqda  fikrim odur ki, Vitali indi öz klubunda yaxşı oynamalıdır. Əlavə diqqətini yayındırmamalıdır. Şəxsi fikrim belədir. Amma ümumilikdə təbii ki, özü və meneceri məsələ haqda daha dolğun danışa bilərlər. Hər halda, milli və klub karyerası ilə bağlı özü daha yaxşı danışar. Azərbaycan millisinə isə həmişə uğurlar arzulayıram. Bu yığmada oynamışam. Hər zaman yaxşı nəticələr qazanmasını istəyərəm”.

Qeyd edək ki, 29 yaşlı qapıçı "Alaniya" klubunun yetirməsidir. Qudiyev "Terek" (indiki "Axmat"), "Ximki" komandalarında oynadıqdan sonra yayda "Fakel"ə keçib. O, 2026-cı il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur. Vitali Rusiyanın U-17 və U-21 yığmalarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0