Krunoslav Renduliç: “Futbolçularım mükəmməl oyun sərgilədilər“
25.05.2024 - 21:33
Krunoslav Renduliç: “Futbolçularım mükəmməl oyun sərgilədilər“

"Oyun haqda heç nə deyə bilmərəm. Futbolçularım qəhrəmandır. Gəldiyimdən bəri 11 oyun keçirmişik və 8 qələbə qazanmışıq. Avropaya getməyə layiq biz idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Səhv də edə bilərik. Futbolçularım mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. Çox xoşbəxtik".

Apasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 36-cı turunun "Neftçi" ilə oyunundan sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Avrokuboklarda uğur qazanmaq üçün hansı mövqeyə transfer edəcəksiz?

- Məncə, hazırda biz qələbəni qeyd etməliyik. Hansı mövqelərə transfer lazım olduğunu bilirik. Vaxtımız da yoxdur. Əminliklə deyə bilərəm ki, bəzi oyunçular gətirəcəyik.

- Siz komandaya gələndə, nəticələr qənaətbəxşdən də aşağı idi. Rəhbərlik qarşınıza hansı nəticəni qoymuşdu?

- Daha çox özüm-özümün qarşısına məqsəd qoymuşdum. Bura gələrkən, 5-ci 6-ci yerlər uğrunda vuruşmağa gəlməmişdim. Həmişə yüksək məqsədlər istəmişəm. Bəzən buna çata bilirsən, bəzən də yox. Yüksək səviyyə varsa, məqsədlərə nail olacaqsan.

- Qol epizodlarınız çox olsa da, cəmi birindən istifadə etdiniz. Hücumun sivri ucundakı problem sizi narahat edir?

- Hansı mövqeyə transfer lazım olduğunu bilirik. Nə vaxt olacağını demək çətindir. Oyunçuları vaxtında gətirmək istəyirik.

- Fasilədə futbolçularınızla hansı söhbətiniz oldu?

- Heç nə demədim, sadəcə bildirdim ki, birinci hissəni əla oynadız, ikinci hissəni də aqressiv oynamalısız. "Neftçi"yə bir, bizə üç xal lazım idi. İstədiyimiz üç xalı da qazandıq.

- İnsident kənardan necə görünürdü və son 9 dəqiqədə hansı hisləri keçirdiz?

Spesifik nəsə deyə bilmərəm. İnsidenti tam görmədim. Son dəqiqələrdə futbolçularım sakit olmalı, rəqibin provakasiyasına getməməliydilər. Hakimlərə gəldikdə, niyə bun qədər vaxt əlavə edildi, bilmirəm. Bəzən deyirəm ki, niyə 10-11 dəqiqə göstərmirlər?

- "Jrinski Mostar"da kubok və çempionluq qazanmısız, "Sabah"da isə bürünc medallara sahib oldunuz. Tərəzinin gözünə qoyanda, hansı daha ağır gəlir?

- Əvvəlki klubumda ilk ildə iki uğur qazanmaq, Konfrans Liqasına düşmək böyük uğurlardır. Amma bir şeyi deyim ki, bura gələndə, "Sabah" 6-cı pillədəydi və heç kim bizə inanmırdı. Futbolçular ağır şəkildə işlədilər və mükafatı aldılar. Hər ikisini böyük uğur hesab edirəm.

- "Sabah"dan avrokuboklarda ötən mövsümkü nəticədən daha yaxşısını gözləmək olar?

- Hələlik heç nəyə söz verə bilmərəm. Çalışacağıq ki, nə bacarırıqsa, edək. Mərhələləri keçmək barədə nəsə deyə bilmərəm. Komandada bu cür ruh olarsa, hər komandaya qalib gəlmək mümkündür. Belə yanaşma, belə ruhla "Real"a da qalib gələ bilərik. Çalışdırdığım komanda 20 ildən sonra "Dinamo"(Zaqreb) klubuna qalib gəlmişdi. Niyə də olmasın? Acmışam icazə verin, gedim(gülür).

- Futbolçularınızın qəhrəman olduğunu dediz. Bəs, siz özünüz qəhrəmansız?

- Oyunçularsız oynaya bilmərik. Hər şey futbolçulardan asılıdır. Onlarsız heç nə edə bilmərik.

writer photo
Əlirza Əlirzalı
0