Krunoslav Renduliç: "Realist olmalıyıq..."
11.08.2024 - 23:39
Krunoslav Renduliç: "Realist olmalıyıq..."

Azərbaycan Premyer Liqasının 2-ci turunun son matçında "Sabah" evdə "Zirəyə" 0:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik

- Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

- "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki oyuna bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq.

- Amin Seydiyevin performansı haqda nə düşünürsüz? Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi düşünürsüz?

- Hansı səhvləri?

- Mövqe səhvləri...

- Futbol "Playstation" deyil. Futbolçular oynayır və səhv edirlər. Səhvlər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm mükəmməl idi. Mən oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. Altı oyunçumuz səhv edir. Onları dərhal dəyişmək lazımdır? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

"Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faizimiz var idi və mərhələni keçdik. Amma oyundan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədir? Üç oyundur niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya var?

- İşlər pis gedəndə, pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsüm biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, oyunlar arasında bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq. 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə onlara heç nə deyə bilmərəm.

- "Sabah"ın sabahını necə görürsüz?

- Klub gəncdir. Hər il bu klub inkişaf edir. İki il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Çox illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orada atmosfer necədir? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? Biz fəxr etməliyik iki il içərisində gördüyümüz işlərlə.

- Suallar veriləndə aqressiv olursuz. Niyə belədir?

- Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşma idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdız? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq ki?

- Həmişə oyundan sonrakı oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

- Sizcə, "Sabah"dan reallıqdan uzaq şeylər gözləyirik?

- Bizim gələcəklə bağlı məqsədlərimiz ola bilər. Biz də qrupda oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq. Addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadadır?

- Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, iki günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik. Addım-addım düşünürük.

writer photo
Əlirza Əlirzalı
0