Laurentsiu Regekampf: “Bəzən alovla oynayırıq” - MÜSAHİBƏ
26.08.2022 - 22:28
Laurentsiu Regekampf: “Bəzən alovla oynayırıq” - MÜSAHİBƏ

“Yaxşı oyun oldu, nəticəyə görə çox sevinirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının IV turunda “Zirə” üzərində 2:1 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Rumıniyalı çalışdırıcı görüşün ardından fikrini bu sözlərlə davam etdirib: “Hər iki komanda futbol oynamağa, qol vurmağa çalışdı. Yaranmış şanslardan istifadə etsəydik, ilk hissədə oyunu bitirə bilərdik. Çoxlu şanslar yaratdıq. Epizodlar var idi ki, qol vurmalıydıq. Futbolçularım daim rəqibi təzyiq altında saxladı. Yenə qapımızda penaltidən qol gördük. Orada penalti qərarının doğru olub-olmadığını bilmirəm. Qol buraxdıqdan sonra dönüş edib qələbə qazanmağımıza sevinirəm. Növbəti oyunlarla bağlı da eyni hədəfimiz var. Bütün matçlara 3 xal qazanmaq üçün çıxırıq”.

- İki oyunda qapınıza 5 penalti göstərilib. Futbolçularınız səliqəsiz oynayır, yoxsa rəqibin təzyiqinə dözə bilmirlər?
- Bu gün qapımıza təyin olunan penaltiyə baxanda intizam olmadığını deyə bilmərik. Rəqib qapıya artıq zərbə vurmuşdu. Cabir də sürüşmə fəndindən istifadə elədi, oyunçuya dəymədi. Hakim haqda danışmaq mənim işim deyil. Əgər onlar belə görüblərsə, problem yoxdur. İki oyunda qapımızda 5 penalti görmək mənim üçün də təəccüblüdür. Amma bu, futboldur, VAR sistemi olduğundan, hər şey daha asandır.

- “Neftçi”nin müsbət dinamika üzrə hərəkəti üçün nə qədər zaman lazımdır?
- Biz zaman haqda danışmalı deyilik. Həmişə yeni komanda qurmaq çətin olub. Hətta “Sabah”la son matça da fikir versəniz, görərsiniz ki, qol vurmaq üçün çox şanslarımız var idi. Son iki görüşdə bəxtimiz gətirmədi ki, epizodları qola çevirək. Əgər bunlardan yararlansaydıq, indi başqa mövzu olardı. Mənə elə gəlir ki, komandadakı yeni oyunçular da çempionatın gücünə tam bələd olmalıdırlar. Onlar yaratdığımız şanslara daha ciddi yanaşmalıdırlar. Bəzən məndə elə hiss yaranır ki, biz alovla oynayırıq. Bəzən də alovla çox oynayanda özün yanırsan. Gündən-günə problemləri aradan qaldırmağa çalışırıq. Oyunçularımın daha da artırmağa imkanları var. Çox keyfiyyətli futbolçularımız var. Deyərdim ki, yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Hansı ki, bizə geridən hücum qurmağa kömək edə bilər. Bəzi mövqelər var ki, daha da yaxşılaşdırmalıyıq. Komandamız daha güclü olacaq.

- Sizin rəhbərliyiniz altında “Neftçi” evdə səfərdəkindən yaxşı çıxış edir. Bunun səbəbi nədir?
- Bu stadion bəlkə mənə uğur gətirir. Arzulayıra ki, növbəti səfər oyununda qələbə qazanaq. Bunun üzərində işləyəcəyik.

- Mirabdulla Abbasov qısa müddət rəhbərliyiniz altında məşq etdi, ardından heyətdən uzaqlaşdırdınız. Bir futbolçu haqda qərar vermək üçün qısa müddət kifayətdirmi?
- Mən Allah deyiləm ki, kiminsə yaxşı və ya pis olduğunu deyim. Sadəcə, məşqdəki performanslara fikir verirəm. Mirabdullada bizə lazım olacaq performansı görmədim. Onun da kifayət qədər vaxtı var ki, özünü yaxşı tərəfdən göstərsin, yenidən əsas komandaya cəlb edək. Birlikdə çox məşqimiz olub. Mənim gücü daha çox olan hücumçuya ehtiyacım var. Bu o demək deyil ki, Mirabdulla pis oyunçudur.

- Qapıçı dəyişikliyinin səbəbi nə idi?
- Mənə elə gəlir ki, bunu görmək elə də çətin deyil. Biz yalnız 7 əcnəbi futbolçu ilə oynaya bilərik. Azər Əliyevin də hazırda Azərbaycan pasportu yoxdur. Ona görə düşündük ki, bu oyunda hansı mövqe bizə daha çox kömək ola bilər. Azər iki həftə idi əzələ zədəsindən əziyyət çəkirdi. Zədədən döndükdən sonra bu həftə çox yaxşı məşq elədi. Həftəboyu mənə göstərdi ki, özünəinamı var, oynamaq istəyir. Onu oynatdığım üçün çox şadam.

- Oyunların sonlarında komandada yaranan stress nə ilə bağlı olur? İntizamla bağlı problem var?
- Deməzdim ki, nizam-intizam pozuntusu var idi. Sadəcə, uşaqların üzəridə 3 xalı qazanmağın stressi var idi. Futbolçular məğlub olmaq istəmirlər. Bundan əvvəlki matçlarda bəzi epizodlarda ağıllı qərar verməmişdilər. Bizə 90-cı dəqiqəyə 2:1 hesabı ilə gəlməli deyildik. Çünki əvvəldən qol vurmaq üçün kifayət qədər şans var idi. Hesab belə olduqda oyunun sonlarında stress keçirirlər. Onların bəzən belə oynaması normaldır. Əlimizdən gələni edirik ki, hesabı xeyrimizə qoruyub saxlayaq.

Ruslan Sadıqov

writer photo
Əlirza Əlirzalı
0