“Hazırda problemləri özümüz-özümüzə yaratmışıq”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri “Şamaxı” ilə heç-heçə başa çata oyundan sonra “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı mütəxəssis təhlükəli vəziyyətlər yarada bilmədiklərində şikayətlənib: "Qol vurduqdan sonra 2-3 epizodumuz daha var idi. İkinci hissəyə çox pis başladıq. Qapımızda qol gördük. Demək olar ki, rəqibin qapısı önündə təhlükəli ola bilmirdik. Hazırda çətin vəziyyətdəyik. Dərinliyə getməliyik və futbolçuların probleminin nə olduğunu öyrənməliyik. Üçüncü yerdəyik və kubokun finalında oynayacağıq. Fikrimcə, bu oyun daha asan olmalı idi. Çünki üzərimizdə təzyiq yoxdur, rahat oynamalıydıq. Bu cür oyunlardan istifadə edərək, özümüzə inam yaratmalıyıq ki, finalda rahat olaq. Epizodlar yaradıb, oyundan həzz almalıyıq. Təəssüf ki, bunu görmədim. Yalnız ilk hissədə bəzi epizodlarda belə idi. Görürəm ki, oyunçular ancaq nəticəni fikirləşirlər. Onlar nəticəni yox, daha çox gözəl futbol oynamağı da fikirləşməlidirlər. Bu qədər top itkisi olmaz, çoxlu epizodlardan yararlana bilmirik. Biz daha yaxşı oynamalıyıq. Amma bu vəziyyətdən çıxacağıq".
- Kubok finalı öncəsi qalib gələ bilmirsiz. Bu, sizi narahat etmir?
- Əlbəttə ki, narahat edir. Birinci hissə fərqli, ikinci yarıda başqa oyun görürük. Daha çox 100 faizli qol epizodları yaratmalıyıq. Ötürmələr daha dəqiq olmalıdır. Təzyiqsiz oynamalıyıq. Bu, məni narahat edir. Ancaq ilk hissədə gördüyüm məqamlar mənə inam verir. Birlikdə bu çətin periodu geridə qoyacağıq.
- Mert Çelikin performansı haqda nə düşünürsüz?
- Yaxşı oyun göstərdi. Onun dəyişmək istəmirdim. Ayağında ağrı olduğu üçün əvəz etməyə məcbur qaldım. Çox yaxşı performans göstərirdi. Penalti epizodu bəxtsizlikdən oldu. Məncə, bu cür sürüşmə fəndi yerinə yetirməzlər. Amma bu baş verdi. Bəlkə də, oyun üslubu budur. Onun performansından razı qaldım.
- Siz bura gələndə komanda avrokuboklarda çıxış edirdi və stadion azarkeşlərlə dolu idi. İndi isə 100-150 nəfər gəlir oyununuza. Burada özünüzü, rəhbərliyi və futbolçuları nə qədər günahkar görürsüz?
- Hamımız birlikdə işləyirik, məqsədimiz eynidir. Azarkeşlərin stadiona gəlməməsi bizi narazı salır. Amma biz azarkeşlərin önündə günahkarıq. Çünki yalnız yaxşı oyunla onları stadiona geri gətirə bilərik. Əminliklə deyə bilərəm ki, qarşıdakı periodda futbolçularım bu haqda ciddi düşünəcək. Çünki onların kifayət qədər səviyyəsi var ki, bu cür matçlarda qalib gəlsinlər. Burada yalnız ürəyi meydanda qoymaq lazımdır.
- Azarkeşlər futbolçulara arxalarını çevirdilər. Final oyun üçün onları geri qaytarmaq çətin olmayacaq?
- Düşünmürəm. Final oyunu fərqli olur. İstəmirəm bu haqda danışım. Bayaq dedim ki, yenidən fanatları tribunaya gətirəcək adamlar bizik. Baxmayaraq ki, azarkeş sayı çox deyil, amma bu cür vəziyyətdə belə, onlar bizi sona qədər dəstəklədi. Oyundan sonra onlar bizə arxasını çevirsə belə, haqlıdırlar. Biz daha yaxşı oynamağa borcluyuq.
- Finalda qalib gəlməsəniz, öz gələcək perspektivinizi necə görürsünüz?
- Gəlin finalı oynayaq, sonra bu barədə danışarıq.