“İndi danışmaq çox çətindir. Oyundan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə bilmədik".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının III təsnifat mərhələsində “Rapid”lə Avstriyada keçirilən cavab oyunu barədə danışarkən deyib.
“Bakcell Arena”dakı minimalhesablı qalibiyyəti (2:1) “Veststadion”da qoruya bilməyən “ağ-qaralar” 0:2 hesabı ilə məğlub olaraq, avrokuboklarla vidalaşıb.
Oyunsonrası mətbuat konfransında rumıniyalı çalışdırıcı komandasının çıxışını dəyərləndirib: “Bu gün çoxlu şanslardan yararlana bilmədik. Yenidən qapımızdan iki asan qol buraxdıq".
- Belə görünür ki, "Rapid"ə taktikada uduzmadınız. Bəs məğlubiyyətə nə səbəb oldu: futbolçular verilən tapşırığı yerinə yetirə bilmədilər?
- İndi başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlib, birlikdə uduzuruq. Bu, futboldur. Böyük şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan. Bizdəki şanslar onlarda olmadı. Hesab 0:0 olarkən futbolçumuz qapıçı ilə təkbətəki qaçırdı. "Rapid" 1:0 öndə olanda da şansımız oldu. Əvəzində asanlıqla qollar buraxdıq.
- Əvəzləmələri gec etməyiniz nədən qaynaqlanırdı?
- Burada əlavə vaxt oynamağımız planda yox idi. Dəyişiklik etmək üçün oyunçularımız var. Sadəcə, bu cür turnirdə oynamaq təcrübələri yoxdur. Bu üzdən oynayan futbolçuları daha çox meydanda saxlamağa çalışdım. Azər Salahlını çox tez itirdik, məcburi əvəzləmə etdik. Oyuna görə daha çox məsuliyyət daşıya biləcək futbolçuları meydanda saxlamağı üstün tutdum. Oyunumuz pis deyildi, kifayət qədər şanslarımız var idi. "Rapid"in təzyiq edərək qollar vurması normal idi. Ancaq yenə də bu cür toplar buraxmamalıyıq. Belə səviyyəli qarşılaşmalarda təkbətək şansı qaçırırsansa və asanlıqla qol buraxırsansa, deməli, növbəti mərhələyə layiq deyilsən.
- Sanki rəqibin 12-ci oyunçusu baş hakim idi. Buna şərhiniz maraqlıdır...
- Hakimlər haqda danışmaq mənim işim deyil. Mənim heç bir problemim yoxdur, hamı matçı görüb. Siz də analiz edə bilirsiniz. Çoxlu epizodlar var idi ki, rəqib oyunçulara sarı vərəqə göstərilməli idi, verilmədi. Referi matçın ipini əlindən buraxmışdı. Amma biz bu gün hakimliyə görə uduzmadıq.