"Ludoqorets"in baş məşqçisi: "Qurbanov ən güclü məşqçilərdəndir"
05.08.2024 - 19:40
"Ludoqorets"in baş məşqçisi: "Qurbanov ən güclü məşqçilərdəndir"

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Ludoqorets" oyunundan öncə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Bakıya hansı motivasiya və hansı nəticə arxasınca gəlmisiz?

- "Qarabağ" ən yaxşı komandalardan biridir. Qurban Qurbanov 10 ildən artıqdır ki, klubdadır və ən güclü məşqçilərdəndir. Onlar beynəlxalq arenada öz yerini tutub. Biz də həmçinin çox təcrübəliyik. Çox maraqlı və gözəl matç olacaq.

- Bakının hədsiz istisi və "Qarabağ"ın böyük təcrübəsi sizi qorxutmur ki?

- Hava şəraitinin isti olmasına baxmaraq, oyun yaxşı keçəcək. "Ludoqorets"in də böyük təcrübəsi var. Çox güclü komandalardan biriyik. Bu matçda uğurlu çıxış etməyə çalışacağıq.

- “Dinamo”(Batumi) və “Dinamo”(Minsk) klubları ilə görüşlərdə ilk görüşdə yaxşı oynayıb, qalib gəlsəniz də, cavab görüşlərində uduzdunuz, rəqib daha üstün görünür. Bu nə ilə bağlıdır? “Qarabağ”la matçlarda bu cür ssenarinin yaşanmaması üçün nə edəcəksiniz? 

- İstəyirik ki, digər matçlardakı səhvlər "Qarabağ"la oyunlarda olmasın. Ona görə də strategiyanı bir az dəyişəcəyik.

- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi qeyd edə bilərsiz?

- Məncə, hər iki tərəf bir-birinin güclü tərəflərlərini, güclü oyunçularını yaxşı tanıyır.

- Daha çox fərdi ustalığı olan oyunçular, 9 il ardıcıl avrokuboklarda qruplar, Çempionlar Liqasının qrupu. Demək olar ki, “Qarabağ”la “Ludoqorets” bir-birinə çox bənzəyir?

- Bəli. "Qarabağ" və "Ludoqorets" komandalarının strategiyaları oxşardır. Bolqarıstanda biz, burada "Qarabağ" hegemondur.

 

writer photo
Əlirza Əlirzalı
0