Lyuyiç “Sabah”a qalib gəlmələrinin sirrini açıqladı - MÜSAHİBƏ
10.04.2023 - 17:19
Lyuyiç “Sabah”a qalib gəlmələrinin sirrini açıqladı - MÜSAHİBƏ

“Səbail”in futbolçusu Matiya Lyuyiçin apasport.az saytına müsahibəsi 

- "Səbail" "Sabah"ı 2:1 hesabı ilə məğlub etdi. Qələbəni necə şərh edərsən? 
- Təbii ki, qələbə qazandığımıza görə çox xoşbəxtəm. “Sabah” kimi çox yaxşı komandaya qarşı oynamaq və qalib gəlmək bizim üçün vacibdir. Asan alınmadı, amma biz qalib gəlməyi bacardıq. 

- Qələbə qolunu son dəqiqədə vurdunuz. Hansısa matçda heç bu qədər xoşbəxt olmuşdun?
- Biz qalib gələcəyimizə sona qədər inanırdıq. Düzü, qol vurmamışdan əvvəl “Sabah” da ikinci qolunu vura bilərdi. Amma biz sona qədər inandıq və qələbə topunu vurduq. Futboldur da, belə şeylər olur. Son dəqiqələrə daxil olduğumuz üçün son gücümüzü ortaya qoyub “Sabah” qapısında epizod yaratmağa çalışdıq. Konsentrasiyamızı qoruduq və qələbə topunu vurduq. 

- Demək olar ki, qazandığınız üç xal sizi Premyer liqada saxlayacaq?
- Biz oyundan-oyuna irəliləməliyik. Xal qazanmağa davam etmək üçün daha çox təkmilləşməliyik. Bunun üçün daha çox çalışmaq lazımdır. Amma istənilən halda uğurlu nəticələr qazanacağımıza inanıram.

- Maraqlıdır ki, "Sabah" bu mövsüm Premyer Liqanın ən güclü komandalarındandır. Amma siz ölkə kubokunda onları dayandırdınız. Premyer Liqa matçında da məğlub etdiniz. Demək olar ki, "Sabah" komandası "Səbail" üçün ən uyğun rəqibdir?
- “Sabah” çox yaxşı komandadır. Heyətində də güclü futbolçular yer alıb. Açığı, biz bütün oyunlara qalibiyyət üçün çıxırıq. “Sabah”la görüşdə belə alındı. Futbolda hər şey mümkündür.

- "Sabah" üzərindəki qələbəyə görə yəqin ki, sizə yaxşı pul mükafatı veriləcək...
- Pul haqda düşünmürəm. Mənim üçün vacib olan məsələ komandanı birinci diviziona yuvarlanmaqdan xilas etməkdir. Doğrudur, mükafat hər zaman yaxşıdır. Amma mən öz komandam və ailəm üçün oynayıram. Həm də, komandanın birinci diviziona düşməsini istəmirəm. Çünki bu “Səbail” diviziona düşməyə layiq deyil. Yaxşı komandaya sahibik və Premyer Liqada qalmağa da layiqik.

- Ümumiyyətlə, səncə Premyer Liqadakı mövqeyinizi qoruyub-saxlaya biləcəksiz? Növbəti turdakı rəqibiniz "Zirə" komandasıdır. Onları məğlub etmək, onlardan xal almaq nə dərəcədə mümkün olacaq?
- “Sabah”a qalib gəldik və artıq “Zirə” matçına hazırlaşacağıq. “Zirə” də yaxşı komandadır. Amma biz istənilən rəqiblə oynaya bilərik. Sadəcə, daha çox işləməli və heç bir rəqibdən qorxmayaraq öz oyunumuzu oynamalıyıq.

writer photo
Əlirza Əlirzalı
0