Mahir Şükürov: “Millini harasa çəkə biləcək yerli məşqçi yoxdur” - MÜSAHİBƏ
18.11.2023 - 14:08
Mahir Şükürov: “Millini harasa çəkə biləcək yerli məşqçi yoxdur” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin ev oyununda illər sonra böyükhesablı qələbə qazanacağını gözləyirdiniz? 
- Bəli, proqnozum səhv çıxmadı. Demişdim ki, milli bu oyuna ciddi yanaşsa, komanda şəklində oynasa, evdə azarkeşləri sevindirə bilər. Və komandamız bunun öhdəsindən gəldi. Hamının gözü tərəzidir, uduzanda da ,udanda da görürük. Bəzən elə oyunlar olur ki, yaxşı olsan da uduzursan, elə matçlar da var ki, zəifsən, qələbə qazanırsan. Amma dünən uşaqlar yaxşı oynadılar. Azərbaycan xalqını təbrik edirəm, vacib qələbə idi. Ən azından qruplara çıxmağını götürmürəm, yararlı qələbə oldu.

- İsveç kimi bir komanda sizcə, necə oldu ki, millimizə belə təslim oldu? 
- İsveç komandası arxayın gəlmişdi. Evdə udmuşdular, düşünürdülər burada da asan qələbə qazanacaqlar. Əgər iki qol tez bir zamanda olmasaydı, oyun bəlkə də dəyişə, ağır keçə bilərdi. Sadəcə altı dəqiqəyə iki qol rəqibi bir az təşvişə saldı. Həm də onlar üçün 0:2-dən sonra qələbə qazanmaq çətin olur. Qısacası, dünən İsveç komandası bizə ciddi yanaşmadığına görə məğlub oldu. 

- Axı komanda yarım saatdan çox azlıqda oynadı. Həmin dəqiqələr üstünlüyün əldən gedəcəyindən qorxmurduz?
- Bəli, 10 nəfər qalıb, müdafiəyə oturmuşduq. Onlar da çalışırdılar 10 nəfərə qarşı nəsə etsinlər. Son yarım saatda çalışırdılar bərabərliklə, oyunu özlərinə uyğun dəyişsinlər. Yaxşı ki, belə olmadı.

- Emin Mahmudovun qol epizodu kimlərəsə mesaj ola bilərmi?
- Mən deməzdim. Sadəcə futbolda ustalıq səviyyəsi mütləqdir. Həm də bəxt rol oynadı və qol yaxşı alındı. İsmarış yox, oyunda olan epizoddur. O epizoddan istifadə etmək ağıl, uzaqlığa görə də bacarıq tələb edirdi. Potensialı var, hardasa inkişaf olacaq. Amma Eminin az yaşı yoxdur, bir neçə ildən sonra 35 yaşı olacaq. Bizdə həmişə bir dəfə yaxşı qol vuran adamı qaldırırlar göyə. Zəif oyunda tənqidi atəşinə tuturlar.

- Sosial şəbəkələrdə bəziləri "Eminin yeri "Neftçi" deyil, orada heyif olur" kimi ifadələr səsləndirdilər...
- Razı deyiləm. Az qala 40 yaşı olacaq, qıraqdan yaxşı təklif gəlsəydi çoxdan gedərdi. Belə götürsək, Eminin işləri Rusiyada düzgün alınmadı, gəldi Azərbaycana. Ona görə də EminOM yeri "Neftçi"dir, karyerasını da orada sonlandıracaq. Avropa komandaları bir futbolçu götürəndə baxırlar minimum bir ildə, məsələn 40 oyunda neçə stabil oyun oynayıb. 40 oyunda ola bilər üç oyun zəif oynayar. Baxır ki, bəlkə xəstəliyi var, nə bilim zədəsi var deyə yaxşı hazırlaşmır. Amma futbolçular var ki, baxırsan bir oyun yaxşı oynasa da, 4 oyun sabit oynamır. Ona görə də Emin 100 faiz belə oynasa, onda xaricə gedər. İş orasındadır ki, həmişə belə olmur.

- Milliyə çağırılmayan oyunçuların inciməyə haqları var, yoxsa belə lazım idi?
- Məşqçinin çağırdığı oyunçu nəticə vermirsə, demək, gələn dəfə dəvət etməməyə məşqçinin haqqı var. Vaxtilə biz də çağırılmayanda “səhvimiz var ki, çağrılmamışıq” demişik. Onlar da bundan sonra bizim kimi öz üzərində işləyib məşqçiyə ismarış göndərməlidirlər ki, biz sən düşündüyün kimi deyilik, milliyə lazımıq. Yeri gələndə millidə hamısına şans verilir. Bu şanslardan özləri istifadə etməyibsə, demək ki futbolçunun özündə günah var. Biri mən, məşqçi olsam milliyə layiq olan futbolçunu niyə çağırmamalıyam ki?! Hazır olmayan futbolçunu çağırım, gətirim, heyətə qoyum o da olmaz. Ola bilər 2-3 futbolçu var ki, milliyə layiq olmadığı üçün çağırılmır. Onların da haqqı yoxdur ki, nəsə desin. Biz bir dəfə səhvimizə görə milliyə çağrılmadıq. Demək ki, məşqçi öz fikrində düzgün seçim edib.

- De Byazi "indi də qələbəmizdən danışsınlar” dedi. Bəs bu qələbə günahlarını yumağa kifayətdir? 
- Bu yekəxanalıq kimi çıxır. Belə danışıqları ilə insanlarda özünə qarşı səhv təəssürat yaradır. Məsələn, hər oyun İtaliyada başqa müsahibə verirsən, öz futbolçuları alçaldırsan sonra gəlib deyirsən ki, belə. Belə danışıb, sabah sözünü yerinə yetirə bilməyəcəksənsə, bir az ehtiyatla danışmaq lazımdır. Udmusan, lap yaxşı, lazımdır ki, udmusan. Bir də dünənki oyunda azarkeşlərə baxaq. Oyunda azarkeş  çox az idi. 3400 azarkeş milli komanda üçün həqiqətən də yaxşı hal deyil. Belə çıxır ki, Azərbaycanda hamı "Qarabağ"ı dəstəkləyir və milli komandaya dəstək yoxdur? Halbuki, görmüşük həmişə milli komandaya dəstək yüksək olub. De Byazi baxsın, insanlar necə düşünür ki, belə bir vəziyyət yaranıb. Ona görə çalışmaq, həm də elə danışmaq lazımdır ki, azarkeşlər qalan günlər də milli komandanın oyunıarına gəlib dəstəkləsin.

- De Byazinin müqaviləsi uzadılsa, yoxsa baş məşqçi postuna başqa biri gəlsə, millimiz üçün daha yaxşı olar?
- Deyəcəm başqası gəlsin, deyəcəklər ki, başqası gəlib necə adaptasiya olacaq, nə bilim necə olacaq. Başlayırlar ki, mentaliteti bilir, onu bilir, bunu bilir. Ona görə də burda aldanmaq lazım deyil. Burda oturub düzgün qərar vermək lazımdır. Onu da yuxarıda oturanlar yaxşı bilir. Bu işi dəqiq yerinə yetirsələr, lap gözəl olar. Fikirləşmək lazımdır ki, bunu qoyduq alınmadı, yerinə başqasını gətirməliyik. Əgər De Byazi işləyib nəticə verə bilmirsə, bir oyun udacaqsa, o məşqçi göndərilsə yaxşıdır. Bizə elə bir məşqçi lazımdır ki, bizim mentaliteti başa düşsün, oyunda komanda ilə işləsin. Sabah da verdiyi sözü yerinə yetirsin. Yoxsa, millini bədbəxt eləməyi lazım deyil. Ona görə də, yaxşı fikirləşib normal məşqçi gətirmək lazımdır. 

- Siz bu kürsüyə yerli məşqçilərdən birini, yoxsa xaricdən daha təcrübəlisini gətirməyi nəzərdə tutursunuz? 
- Yerli kim var ki, heç kəs. Məncə, gəlib millini harasa çəkə biləcək yerli məşqçi yoxdur. Qurban Qurbanov var, Rəşad Sadıqov gənc məşqçimizdir. Tərlan Əhmədovu da klubda pislədilər, adına söz- söhbət çıxardılar, ondan sonra milli komandaya gətirməzlər. Çünki millidə də eyni söhbətlər olacaq. Ona görə də qıraqdan gələn məşqçidən daha çox tələb eləmək olar, nəinki azərbaycanlı məşqçidən.

- Sabah Ruslan Abışovla vida oyunu olacaq. Zaur Tağızadəni, Rəşad Sadıqovu, Kamran Ağayevi, elə siz özünüzü də belə bir tədbirlə yola salınmadı? Niyə məhz Ruslan deyə sizdə inciklik yaranmadı?
- Bizim vaxtımızda belə bir şey yox idi. Yəni, istəməmişdik belə bir oyun keçirilsin. İndi bu dəqiqə "Neftçi"də işləyənlərin çoxunun futboldan başı çıxmır. Ruslan uşaq yaş qrupunda yetişib və mən düşünürəm ki, onun tərəfindən müraciət olub, bu qərarı “Neftçi” rəhbərliyi ilə qarşılıqlı alıblar. Biz də bu günlərdə onun kimi futbolu qurtarsaydıq, inanıram ki, indiki rəhbərliyi bizim üçün də vida oyunu keçirə bilərdi. Ona görə də Ruslan bu il bitirirsə, belə bir oyunun keçirilməsi yaxşı haldır. Futbolçuya verilən dəyərdir. Bizim yanımızda böyüyüb, balaca qardaşım yerindədir. Mən özüm də sevindim. Bu jest Kamrana olsaydı, o halda keçilməzdi. 

- Azərbaycan minifutbolda çox yüksək nəticələr əldə etdilər. Bəs kişi futbolunda niyə yüksək yerlərə gedə bilmirik?
- Biz təkbətək döyüşlərdə çox güclüyük, amma kollektivdə zəifik. Hərənin, hər ölkənin bir psixologiyası var. Birinci növbədə uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bu gün aşağı yaş qrupundakı məşqçilər hamısı bərbaddır. Baş məşqçi futbol oynamasa, bu məşqçinin futbolda adı-sanı yoxdursa, uşaqlardan həyatı boyu futbolçu yetişə bilməz. Heç özləri düzgün oynaya bilmirlər. Çalışırlar vaxt keçirsinlər, bir saat 20 dəqiqə bunlara məşq keçsin, onunla da işimi gördüm. Belə olmaz axı. Avropanı izləyirik və görürük uşaqlara elə dərs keçirlər, ingilislər elə dərs keçirlər ki, adam həsəd aparır. Hər bir şəraitləri də var. Biz onlardan nümunə götürməliyik ki, bizim futbolumuz da onlara bənzəyə bilsin.

- Əvvəl deyirdilər ki, “Kəpəz” akademiyadır, futbolçular yetişdirir. İndiki zamanda necə?
 -İndi o şərait yoxdur, onlar yetişə bilmir. Yaş qruplarımız bərbad gündə, milli komanda məlum məsələdir. Elə birinci yaş qruplarının məşqçiləri hamısı dəyişməlidir. Yerinə o işi ciddi bilən insanlar lazımdır. Yoxsa ki, bu tanışını gətirdi, ora yaxını gəldi... Tanışla gələn çoxdur deyə, futbolumuz elə bu gündə də olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0