“Maraqlı oyun oldu. Hər halda ötənilki çempiona qarşı oynadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının I turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlamasında fikrini bu sözlərlə davam etdirib: “Uşaqlar “Qarabağ”ın adından qorxmadılar. Aqressiv idilər, yaxşı çıxış etməyə çalışdılar. Birinci hissədə iki yaxşı qol epizodumuz oldu, yararlana bilmədik. Çalışıdırdıq ki, heç bir komponentdə rəqibdən geri qalmayaq. Ancaq onlar qol epizodlarından yararlandılar, biz yox. Yenə də uşaqlardan razıyam. Çempiona qarşı bacardığımız qədər yaxşı oynamağa çalışdıq”.
Çalışdırıcı yerli futbolçu tapmaqda çətinlik çəkdiklərini etiraf edib: “Heyətdə 6 əcnəbi var, hamısı da meydanda idi. Yerli futbolçu gətirmək baxımından problem yaşayırıq. Çünki istədiyimiz oyunçuların klubları ilə müqaviləsi var. Bu gün yerli oyunçularımız da pis təsir bağışlamadılar. Həm yerli, həm də əcnəbi axtarışlarımız davam edir”.
Qurbanov qarşılarında konkret avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmadığını söyləyib: “Əsas hədəfimiz oyundan-oyuna yaxşı çıxış edib, xal ehtiyatımızı artırmaq və ondan sonra turnir cədvəlinə baxmaqdır”.