“Ölkə çempionatlarının ən qızğın vaxtı olduğu üçün futbolçuların çoxu formadadır”.
Bunu apasport.az saytına Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev noyabrın 20-də start götürəcək dünya çempionatı barədə danışarkən deyib.
33 yaşlı müdafiəçinin fikrincə, mundialın Qətərdə təşkil olunması yarışın dinamikliyinin daha da artmasına kömək olacaq: “Çox dinamik matçlar keçəcəyini gözləyirəm. Məncə, bu, tarixin ən maraqlı dünya çempionatlarından biri olacaq. Qətərdəki hava şəraitindən tutmuş, ən xırda detala qədər futbolçuların maksimum potensiallarını göstərmələrinə şərait yaradır”.
Medvedev DÇ-2022 öncəsi 3 komandanı fərqləndirib. O, Braziliya, Argentina və İspaniyadan uğurlu çıxış gözləyir: “Digərləri ilə müqayisədə favorit qismində Braziliyanı görürəm. Düşünürəm ki, heyətinə və futbolçularına görə, bu komanda hamıdan yaxşıdır. Ancaq mən Argentina və İspaniyaya azarkeşlik edəcəyəm. Onlarda da böyük potensial görürəm. Heyətlərində maraqlı, kreativ oyunçular var. İnanıram ki, Argentina və İspaniya ən azı yarımfinala qədər irəliləyə biləcək”.
Qeyd edək ki, Qətərlə Ekvador arasında “El-Bayt” stadionunda keçiriləcək açılış oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.