Marakvelidze: “Neftçi”yə qarşı bir saniyə belə rahat olmamalısan” - MÜSAHİBƏ
02.03.2023 - 16:23
Marakvelidze: “Neftçi”yə qarşı bir saniyə belə rahat olmamalısan” - MÜSAHİBƏ

“Turan Tovuz”un gürcü futbolçusu Piruzi Marakvelidzenin apasport.az saytına müsahibəsi

- “Turan Tovuz”un “Sabah” üzərində qələbəsindən sonra “Zirə” ilə görüşdə də uğur qazanacağını gözləyənlər az deyildi. Amma əksi baş verdi. Səncə, “Sabah”a qalib gələn komanda niyə evdə “Zirə” ilə bacarmadı?
- Matç bizim üstünlüyümüzlə başlamışdı. Sadəcə sonradan qısa müddət ərzində erkən iki qol buraxdıq. Bu da görüşü dəyişdirən məqam oldu. Yoxsa, biz yaxşı oynayırdıq.

- Bu mövsüm “Zirə” ilə üç dəfə qarşılaşmısız və hər üç matçda da məğlub olmusuz. Onları sizin üçün məğlubedilməz saymaq olar?
- Bəli, oyundan əvvəl də “Zirə” çox yaxşı komanda olduğu fikrindəydim. Axı, ümumilikdə çempionatda heç bir komandaya qarşı asan oyun olmur. Bütün qarşılaşmalar çətin keçir. Ümid edirəm ki, növbəti matç bizim qələbəmizlə başa çatacaq.

- “Turan Tovuz” hazırda turnir cədvəlində 6-cı pillədədir. “Qəbələ”nin 32 xalı, “Turan Tovuz”un 26 var. Səncə, onları qabaqlamaq şansınız var?
- Bu barədə danışmaq tezdir. Diqqətimizi hər oyuna yönəldirik. Daha yaxşı olmağa çalışırıq. Mövsümün sonunda necə nəticə olacağını hamımız görəcəyik. Ümidvaram ki, hər şey bizim üçün yaxşı başa çatacaq.

- “Sabah”la matçda sarı vərəqə ilə cəzalandırıldığından “Zirə”yə qarşı oynamadın. Baş məşqçi də sənin aparıcı oyunçu olduğunu və yoxluğunun hiss edildiyini bildirdi. Bu barədə fikrin necədir?
- “Zirə” ilə görüşdə də oynayaraq komandama kömək etməyi çox istəyirdim. Amma düşünürəm ki, yaxşı oyunçularımız çoxdur. Yəni, olmamağım böyük problem deyildi.

- Növbəti turdakı rəqibiniz “Neftçi” son matçda “Qarabağ”a qarşı pis oynamadı. Onlar 5 oyundur ki, uduzmur. Səncə, səfərdə “Neftçi”dən xal almaq və ya onları məğlub etmək mümkün olacaq?
- “Nefçi” çox yaxşı komandadır. Özü də ölkənin tarixi klubudur. Bu komandaya qarşı oynamaq hər zaman çətindir. Əgər “Neftçi” öz evində oynayırsa, bir saniyə belə rahat olmamalısan. Onlara qarşı da yaxşı oyun göstərməyə çalışacağıq. 

- “Neftçi” ölkə kubokunun yarımfinalında da sizin rəqibinizdir. Bunu matçdan əvvəl hər iki komandanın bir-birini daha da yaxşı tanıması üçün əlverişli görüş saymaq olar?
- Kubok matçına hələ çox vaxt var. Amma hər halda, hər zaman “Neftçi” kimi komandalara qarşı oynamaq xoşdur. Biz meydana çıxdığımız hər matçda uğurlu nəticə qazanmağa çalışırıq.

writer photo
Əlirza Əlirzalı
0