Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə
20.08.2024 - 16:31
Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə

Daha əvvəl “Qarabağ” və “Neftçi”də məşqçi kimi çalışan Mehmet Ak apasport.az saytına müsahibə verib. O, “Neftçi”də işləyərkən komandası Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”ya (Zaqreb) qarşı oynamışdı (3:0, 0:0). Türkiyəli mütəxəssis həmin görüşləri xatırlayıb və “Qarabağ”ın ÇL-in pley-off mərhələsində “Dinamo”ya qarşı şanslarını da dəyərləndirib.

- Bilirəm ki, daim Azərbaycan futbolunu, xüsusilə də "Qarabağ"ı avrokuboklarda izləyirsiz. Ağdam klubu bu gün "Dinamo" önünə çıxacaq. Bu görüşlər bağlı düşüncələriniz necədir?
- "Qarabağ" Avropada önəmli iş bacardı. "Dinamo" önəmli komandadır, önəmli oyunçuları var. Hər mövsüm Çempionlar Liqasındadırlar. "Qarabağ" necə ki, Azərbaycan çempionatında dominantlıq edirsə, onlar da Xorvatiya liqasına dominantlıq edir. İlk matçda "Dinamo" avantajlı olacaq, amma mərhələnin taleyinə Azərbaycandakı görüşdə aydınlıq gələcəyini düşünürəm.

- Vaxtilə siz “Neftçi”də işləyərkən, “Dinamo” ilə qarşılaşmışdız və mərhələ keçə bilməmişdiz...
- Bəli, mən "Neftçi"də işləyərkən, "Dinamo"(Zaqreb) ilə qarşılaşmışdıq. Xatırlayıram, 40-cı dəqiqəyə qədər çox yaxşı gedirdik. Amma o dəqiqələrdən sonra ardıcıl qollar buraxdıq və sonda uduzduq. Azərbaycandakı matç da 0:0 hesabı ilə bitmişdi. Məsələn, həmin oyunda oynayanlar iki il sonra dünyanın ən önəmli klublarına transfer olmuşdular. "Dinamo" çox istedadlı komandadır, daim istedadlı oyunçuları var.

- "Qarabağ" "Ludoqorets" səddini 7:2 qalib gələrək keçdi. Sizcə, "Dinamo" bunu özləri üçün təhlükə hesab edə bilər?
- Həmin matç 2:1-dən sonra 7:2-yə gəldi. "Ludoqrets" qol vurmaq üçün basqı etdi. Elə ondan sonra boş zonalar buraxdılar və geri döndükdə "Qarabağ" qollarını vurdu. Təbii ki, "Dinamo" qarşılaşacağı rəqibin bundan əvvəlki turda "Ludoqorets"ə 7 qol vurmasına diqqət edəcək. Üstəlik, onlar oyuna daha motivasiyalı çıxacaq. Onlar oyuna daha fərqli baxacaqlar. "Qarabağ"ın təhlükəli yollarına qarşı da önləm alacaqlar. Əslində, "Ludoqorets" - "Qarabağ" matçının 2:7 bitməsi "Dinamo"nun analizi üçün avantaj verir. 

- Zaqrebdəki görüşdə hansı nəticə qeydə alınacaq?
- "Qarabağ"ın Zaqrebdə uduzacağı təqdirdə belə, minimal hesablı məğlubiyyətin avantajlı olacağını düşünürəm. Çünki "Dinamo" evdə də, səfərdə də eyni oyunu oynamağa çalışan komandadır. "Qarabağ" da öz evində çox yaxşı işlər görən komandadır. Hətta bir o qədər də səfərdə yaxşı oynayan komandalardan biridir. Gərginliyi yüksək matçdır. Onsuzda, matç TRT-dən də canlı yayımlanacaq. Hamımız birlikdə oyunu izləyəcəyik.

- "Qarabağ"ın heyətində Marko Veşoviç, Marko Yankoviç və Elvin Cəfərquliyevin meydana çıxıb-çıxmayacağı dəqiq deyil. Sizcə, bunun önəmi var, yoxsa Patrik Andrade, Mateus Silva və Toral Bayramov onları yaxşı əvəzləyir deyə problem yoxdur?
- Təbii ki, "Qarabağ"ın start heyətində yer alan oyunçularının ilk onbirlikdə olmaması onlara sıxıntı yaradacaq. Amma nəticədə eyni məşqləri edən, eyni sistemin içərisində oynayan digər oyunçuların da uğurlu olacaqlarını düşünürəm. Amma Marko Yankoviç, Marko Veşoviç, Elvin Cəfərquliyev önəmli oyunçulardır. Onların əvəzinə oynayanlar da önəmli futbolçulardır. Oyunun açar nöqtəsi az xətaya yol verən komandanın avantaj qazanacaq olmasıdır. Xüsusilə də, cərimə meydançası içərisində az səhvə yol vermək lazımdır. Bu tip matçlarda xətasız oynamaq lazımdır.

- "Qarabağ"ın "Dinamo"(Zaqreb) qarşısında əsas problemi nə ola bilər?
- "Qarabağ"ın matçda "Dinamo"nun oyun sürətinə çatması lazımdır. Onlar çox sürətli oynayırlar. Zaqreb klubunun önəmli futbolçuları var. "Qarabağ" da artıq Avropada istənilən rəqibə üstün gələcək səviyyədədir. "Bayer"lə oyunları da gördük. Lakin Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olması, "Qarabağ"ın avrokuboklardakı matçlarına da təsir edir. Azərbaycan çempionatında daha 4-5 səviyyəli klub olarsa, oyunların çətinliyi daha çox olarsa, "Qarabağ"ın Avropadakı uğuru daha da yaxşı olar.

writer photo
Əlirza Əlirzalı
0