Azərbaycanda "Neftçi" və "Qarabağ"la kuboklar qazanmış türkiyəli mütəxəssis Mehmet Ak apasport.az saytına müsahibə verib. Özü də baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis Azərbaycan və Türkiyə futbolu arasında daha sıx əlaqələrinin qurulmasından yana olduğunu bildirib.
- Türkiyə futbolunda bu yay azərbaycanlı futbolçuların sayı çoxaldı. Buna səbəb isə azərbaycanlıların Türkiyə liqalarında legioner hesab edilməməsidir. Bunun Azərbaycan futboluna və milli komandasına təsiri olacaq?
- Bəli, bu ildən Türkiyə liqalarında azərbaycanlı oyunçular legioner hesab edilmir. Buna görə də, Türkiyə futbolunda azərbaycanlı oyunçulara maraq daha da çoxaldı. Təbii ki, bu hadisə Türkiyə liqalarında oynayacaq azərbaycanlı futbolçuların sayının da artmasına gətirib çıxaracaq. Bu, istənilən halda, Azərbaycan millisinin çıxışına yaxşı mənada təsir göstərəcək. Fərqli ölkədə oynamaq, təcrübə qazanmaq, çətinlik dərəcəsi yüksək olan görüşlərdə iştirak etmək inkişaf baxımından çox önəmlidir. Azərbaycanlı futbolçular üçün də vəziyyət belədir.
- Sərtan Taşkın "Manisa"da, Coşqun Diniyev "Ümraniyespor"da, Bəxtiyar Həsənalızadə "Tuzlaspor"da, Vüsal İsgəndərli "Boluspor"da, Ramil Şeydayev "Kocaelispor"da, Renat Dadaşov "Hatayspor"da, Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da çıxış edir. Siyahıda daha çox oyunçu yer almalı idi, səncə?
- Saydığınız bütün oyunçuları tanıyıram. Bəziləri Türkiyəyə yeni gəlib, bəziləri isə mövsümün əvvəlindən bu yana Türkiyədə oynayır. "Ümraniyespor"da Coşqun Diniyevi bir neçə dəfə canlı olaraq izlədim. Lider oyunçu kimi komandasına fayda verir. Zamanla digər oyunçularınızın da performansı artacaq. Ramil Şeydayevdən gözlənti yüksəkdir. "Kocaelispor" azarkeşləri onun nəticəyə təsir etməsini gözləyirlər. Vüsal İsgəndərlini isə "Keçiörengücü" ilə görüşdə izlədim, çox mübarizə apardı. O da yavaş-yavaş effektli olacaq. Şahruddin Məhəmmədəliyev isə yaxşı qapıçıdır, onun performansını bəyənirəm. Sərtan Taşkını da canlı olaraq izləmişəm, Türkiyədəki oyuna öyrəşəcək. Bəxtiyar Həsənalızadə və Renat Dadaşovun da yaxşı oyunçu olduğunu deyə bilərəm. Fərqli komanda, fərqli oyun anlayışı olan komandalara keçiblər. Hamısı zamanla daha da yaxşı olacaqlar.
- Onlardan hansı daha yaxşıdır və diqqəti daha çox cəlb edib?
- Bu oyunçuların hamısı bir-birindən dəyərlidir. Fərqli komandalarda, fərqli mövqelərdə oynayırlar. Siyahıda "Qarabağ"da oynamış oyunçular da var. Onların təcrübəsi digərləri ilə müqayisədə daha çoxdur. Məncə, qarşıdakı həftələrdə azərbaycanlı oyunçular komandalarına matç qazandırmağa başlayacaqlar.
- Ramil Şeydayevin "Kocaelispor"a transferi çox müzakirə edilib. Hətta komandanın sabiq forvardı Tankenin "Kocaelispor"u Şeydayevin maaşının yüksək olması səbəbindən tərk etdiyi deyilir....
- Bəli, Şeydayevdən gözləntilər çoxdur. Çünki "Kocaelispor" Türkiyənin ən böyük camiələrindən biridir. Burada oynayan hər oyunçudan gözlənti yüksək olur. Ramildən də gözlənti bu yöndə böyükdür. 3 matçda iştirak etdi və məncə yaxşı da mübarizə apardı. Nəticəyə təsir etməsi gərəkdir. "Qarabağ"da oynadığı dönəmdəki kimi qollar vurması lazımdır. Ancaq daha əvvəl dediyim kimi, məşq və oyun sistemi fərqlidir. Zamanla daha yaxşı olacaq.
- Səncə, Ramil Şeydayevin "Kocaelispor"dakı karyerası necə alınacaq?
- Ramili yaxşı tanıyıram. Daim izlədiyim oyunçudur. Çox istedadlıdır. Amma o gözlənilən çıxışı heç cürə edə bilmədi. "Trabzonspor"a gəldiyində ondan çox böyük çıxış gözləmişdim. Amma ən yaxşı dönəmi "Qarabağ"da oldu.
- Azərbaycana türkiyəli futbolçular çox da gəlmir. Səncə, AFFA türkiyəli futbolçuların burada yerli oyunçu statusu ilə oynamasına şərait yaratmalıdır? Yoxsa, düşünürsən ki, türkiyəli oyunçular yüksək maaş tələb etdiyi üçün Azərbaycan klublarına keçmirlər?
- Məncə, məsələnin maliyyə tərəfi önəmlidir. Buna görə də, Azərbaycana yollanmağı tərcih etmirlər. Əslində, keçmişdə Azərbaycana yollanmış futbolçular çox da yaxşı iz buraxmadı. Bəzi oyunçular xaric Türkiyədən gələn oyunçuların Azərbaycandakı performansı yaxşı olmadı. Düşünürəm ki, məşqçi olaraq da ən uğurlusu, deyəsən, mən olmuşam. Artıq Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir. Hətta türk dövlətləri daha geniş işbirliyi qurmalıdır. Kimsə bu haqda nəsə düşünmür. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Daha geniş bir anlaşma əldə edilməsi lazımdır. Aşağı yaş qrupları məsələsində, oyunçu transferlərində, məşqçi inkişafında işbirlikləri həyata keçirilməlidir. "Apasport" vasitəsilə Azərbaycandakı qardaşlarımıza salamlarımı çatdırıram.