FİDE şahmatçıların dekabr üçün yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri “20-liy”i tərk ediblər.
Şahmatçılarımızdan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 10 pillə geriləyərək, 26-cı yerə enib. 38 yaşlı qrossmeyster 2723 xala malikdir. Teymur Rəcəbov isə 13 rəqibini özündən irəli buraxıb. 27-ci pillədə qərarlaşan təmsilçimiz Məmmədyarovla eyni xala sahibdir.
Onlardan fərqli, Rauf Məmmədov (2651) 9 pillə irəliləyib və 90-cıdır. Nicat Abbasov (2641) 53-cü yeri 98-ə dəyişib.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2794) və Dinq Liren (2788) izləyir.
Qadın şahmatçılardan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. O, 2 pillə irəliləyib. 27-cu yerdə olan yığma üzvünün aktivində 2449 xalı var. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhar Abdullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci və Gülnar Məmmədova (hər ikisi 2350) isə 99-cu pillədə qərarlaşıblar.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2560), üçüncü yerdə isə Hampi Koneru (Hindistan, 2554) qərarlaşıb.