“İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis sabah baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İlk matçda üç zədəli oyunçumuz var idi. Həmçinin qarşıda da daha üç vacib matçımız var. Əlimizdə olan futbolçulardan maksimum yararlanmaq istəyirik. Bugünkü məşqdən sonra hansı oyunçunun sabahkı görüşə tam hazır olduğunu biləcəyik”.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov demişdi ki, bu oyun “Olimpiakos” üçün həlledici olacaq. Siz də belə düşünürsünüz?
- Rəqibin baş məşqçisi deməzdən əvvəl də bilirdik ki, bizim üçün həlledici oyun olacaq. Bunu paltardəyişmə otağındakı ab-havadan da hiss olunur. Buradan qalib ayrılmasaq bizə çətin olacaq. Mövsümün əvvəlində komandada çox dəyişiklik oldu. Bu üzdən sabahkı oyun həlledici olacaq.
- Sabahkı matçda akademiyada yetişən hansısa futbolçunu meydanda görə biləcəyik?
- Əlbəttə ki, biz həmişə akademiyanın yetirmələrinə şans vermək istəyirik. Ancaq heyətdə 33-34 oyunçu var. Bilirik ki, gənclər hər zaman bizə kömək etməyə hazırdırlar. Yeni qapıçı transferimiz Aleksandros Pasxalakisin də sabah heyətdə olması gözlənilir.
- “Qarabağ”a Yunanıstandakı məğlubiyyət “Olimpiakos”u qorxuya salmayıb?
- Düşünmürəm ki, ilk oyundakı nəticə matça görə idi. 0:3 uduzmamalı idik. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu.
Qeyd edək ki, Avropa Liqasının IV turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Olimpiakos” matçının start fiti sabah saat 20:45-də veriləcək.